|
Elm / 13.10.2008 16:15 Belarusda yaşayan azərbaycanlı onkoloq doktorluq elmi dərəcəsi alıb
Belarusun tanınmış uşaq onkoloqu olan Reyman İsmayılzadə 11 ildir ki, Belarus Respublikası Elmi-Tədqiqat Uşaq Onkologiya və Hemotologiya Mərkəzi Minsk şəhər bölməsində onkoloji şöbəyə rəhbərlik edir
Belarusda yaşayan soydaşımız, uşaq onkologiyası sahəsində tanınmış həkim Reyman İsmayılzadə tibb elmləri doktoru elmi dərəcəsi alıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu münasibətlə Azərbaycanın Belarusdakı Səfirliyi ilə Belarus Azərbaycan İcmaları Konqresinin birgə keçirdiyi tədbirdə soydaşlarımız, o cümlədən yerli ziyalılar Reyman İsmayılzadənin dünya tibb elminə, onkologiya sahəsinə verdiyi tövhələrdən danışıb, onun bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd edək ki, Reyman İsmayılzadə 1955-ci ildə anadan olub, 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Həkim kimi fəaliyyətinə Belarusda başlayan həmyerlimiz müxtəlif vaxtlarda Almaniyada, Böyük Britaniyada və Moskvada təcrübələr keçib. Belarusun tanınmış uşaq onkoloqu olan Reyman İsmayılzadə 11 ildir ki, Belarus Respublikası Elmi-Tədqiqat Uşaq Onkologiya və Hemotologiya Mərkəzi Minsk şəhər bölməsində onkoloji şöbəyə rəhbərlik edir. 160-dan çox müxtəlif səpgili yazıların, elmi məqalələrin, monoqrafiyaların və s. müəllifidir, dəfələrlə beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış edib. O, Belarus Tibb Akademiyasında uşaq onkologiyasından dərs deyir. Reyman İsmayılzadə Dünya Uşaq Onkoloqları Assosiasiyasının və Avropa Hipertermik Onkologiya Assosiasiyasının üzvüdür. Uşaqlarda olan müxtəlif mənşəli bədxassəli şişlərin dianostikası və müalicəsi məqsədilə soydaşımıza təkcə Belarusdan deyil, MDB-nin digər ölkələrindən də müraciət edirlər. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|