|
İqtisadiyyat / 13.10.2008 14:58 Ötən ilin sentyabr ayı ilə müqayisədə bu il inflyasiya 28,34 faiz qeydə alınıb
İqtisadi Tədqiqatlar Mərkəzi həyata keçirdiyi “Alternativ inflyasiya səviyyəsinin hesablanması” proqramı üzrə nəticələri təqdim edib
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) ACİ Budapeşt Fondunun İnstitusional yardım layihəsi çərçivəsində həyata keçirdiyi “Alternativ inflyasiya səviyyəsinin hesablanması” proqramı üzrə Azərbaycanın 11 regionunda 2008-ci ilin ilin sentyabr ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edib. Statistik müşahidənin nəticələri gostərib ki, bu ilin sentyabr ayı ərzində Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,57 faiz, Bakıda 0,35 faiz, regionda isə 0,78 faiz olub. Əmtəə qrupları üzrə ən yüksək inflyasiya səviyyəsi xidmətdə - 1,11 faiz müşahidə olunub. Tədqiqat aparılan dövr ərzində inflyasiya səviyyəsi qeyri-ərzaq məhsulları üzrə - 0,67 faiz, ərzaq məhsullarında isə 0,32 faiz təşkil edib. Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) bu ilin ilk 9 ayında 17,42 faiz, bu ilin sentyabr ayının ötən ilin sentyabr ayı ilə müqayisəsində illik inflyasiya 28,34 faiz qeydə alınıb. Aparılmış statistik müşahidə nəticəsində məlum olub ki, bu ilin sentyabr ayında əvvəlki ayla müqayisədə ən çox bahalaşma ərzaq məhsulları üzrə - şaftalı (30,28 faiz), kök (28,54 faiz), yer pomidoru (21,03 faiz), toyuq yumurtası (8,00) və təmizlənmiş düyü (4,46 faiz), xidmət üzrə isə - uşaqların tərbiyəsi və təhsili ilə məşğul olan muzdla tutulmuş şəxslərin xidməti (repetitor xidmətləri) (13,97 faiz), soyuducu təmiri (2,98 faiz), təhsil haqqı (2,64) olub. Ən çox ucuzlaşma isə ərzaq məhsulları üzrə - sarımsaq (9,71 faiz), alma (9,04 faiz), ağ kələm (8,76 faiz), baş soğan (5,19 faiz), şəkər tozu (4,91 faiz) olub. İTM-in digər hesablamalarına görə, 2008-ci ilin sentyabr ayında minimum istehlak səbətinin dəyəri - əmək qabiliyyətli əhali üçün 108,52 manat, uşaqlar (0-15 yaşlı) üçün-99,01 manat, pensiyaçılar üçün – 80,63 manat təşkil edib./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|