|
İç Xəbər / 13.10.2008 14:36 Yevlax və Ağcabədinin iki kəndinin su problemi həll edilib
Yuxarı Salamabad və Nəcəfqulubəyli kəndlərinə modul tipli sutəmizləyici qurğular quraşdırılıb
Yevlax və Ağcabədi rayonlarında 2500 insanın içməli su problemi həllini tapıb. Koreyada istehsal olunan modul tipli su təmizləyici qurğulardan biri Yevlağın Yuxarı Salamabad kəndində quraşdırılıb. Əlincan çayının kənarında yerləşən bu yaşayış məntəqəsinin əhalisi indiyə qədər içməli suyu birbaşa çaylardan və arxlardan götürüb.1400 nəfər əhalisi olan kəndə gün ərzində 30 kubmetr su təmizlənərək veriləcək. Daha bir qurğu isə Ağcabədinin Kür çayının kənarında yerləşən Nəcəfqulubəyli kəndində quraşdırılıb. Bu qurğu vasitəsi ilə sutkada 20 kubmetr olan sutəmizləyici qurğu quraşdırılıb. Koreya istehsalı olan osmos texnologiyalı qurğu ən müasir texnologiya hesab olunur. Əhali suyu kəndin müxtəlif ərazilərində quraşdırılan 8 bulaqdan götürəcək. Qeyd edək ki, 2007-ci ildə ölkə başçısının imzaladığı sərəncama əsasən Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə 100 yaşayış məntəqəsində 166 min əhalinin içməli su probleminin həll edilməsi nəzərdə tutulur. Sərəncamın icrasını həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi indiyə qədər ölkənin 8 rayonunda 50 kəndin içməli su probleminin həllinə nail olub. Bu məqsədlə həmin rayonlarda modul tipli su təmizləyici qurğular quraşdırılır və təmizlənən su Ümumdünya səhiyyə təşkilatının müəyyən etdiyi normalara uyğundur./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|