|
İç Xəbər / 13.10.2008 14:37 Lənkəran və Astarada təbii fəlakətin nəticələri aradan qaldırılır
Rayonların kanalizasiya sistemində və içməli su ilə təchizatında ciddi problemlər var
İntensiv yağışların ciddi ziyan vurduğu Lənkəran və Astara rayonlarında təbii fəlakətin nəticələri aradan qaldırılır. Lənkəran rayon icra hakimiyyətindən verilən məlumata görə, Lənkəran şəhərinin kanalizasiya sistemini əvəz edən kollektorların müxtəlif tullantılarla zibillənməsi və yağış sularının normal axarının olmaması şəhərin müxtəlif ərazilərində subasmalara səbəb olub. Ona görə də eyni vaxtda kollektorlarda və Lənkəran çayının məcrasında təmizləmə işlərinə başlanılıb. Daha çox ziyan isə rayonun dağ kəndlərində qeydə alınıb.
Lənkəran icra hakimiyyəti başçısının müavini İlkin Rəhimovun verdiyi məlumata görə, rayonu içməli su ilə təmin edən anbarın daşması Lənkəranda su problemi yaradıb. Lakin aparılan təcili tədbirlər nəticəsində müvəqqəti yaranmış problem həll edilir.
Eyni vəziyyət Astara rayonunda da müşahidə edilib. Kiçik dağ çaylarında suyun səviyyəsinin artması daşqınlara səbəb olub. Astara icra hakimiyyəti başçısının birinci müavini Məzahir Hüseynovun verdiyi məlumata görə, hadisə nəticəsində körpüləri, yolları və əkin sahələrini su basıb. Artıq hər iki rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başlanılıb. Fövqəladə hallar komissiyalarının nümayəndələri dəyən ziyanın həcmini müəyyənləşdirir. Qeyd edək ki, cənub rayonlarına yağan yağışlar Lənkəran və Astarada fəsadlar törədib. Lənkəran şəhərinin bir neçə ərazisində aramsız yağışlar nəticəsində iri gölməçələr yaranıb. Lənkəran çayı məcrasından çıxaraq çay ətrafı ərazilərdə xırda daşqınlar törədib. Eyni zamanda normadan artıq su toplandığından, Xanbulançay dəryaçasında da daşmalar qeydə alınıb. Hər iki rayonun kanalizasiya sistemində və içməli su ilə təchizatında ciddi problemlər yaranıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|