|
Kriminal / 12.10.2008 17:03 Moskvada Azərbaycan vətəndaşı bıçaqlanıb
Kəsiklərlə xəstəxanaya çatdırılan 21 yaşlı Surətin üzərində cərrahiyyə əməliyyatı aparılıb
Moskvada 21 yaşlı həmyerlimiz skinhedlərin hücumuna məruz qalıb. Xəbər verilir ki, Surət adlı azərbaycanlı Moskvadan Odintsovo rayonuna qatarla gedərkən Setun və Bakovka stansiyaları arasında maskada olan 10 nəfər qəfil vaqona daxil olaraq ona sataşıb və döyməyə başlayıb. Yerə yıxıldıqdan sonra isə həmin şəxslərdən biri bıçaq çıxararaq həmyerlimizin kürəyinə bir neçə zərbə endirib.Qan içində olan Surəti Bakovka stansiyasında vaqonda olan sərnişinlər təcili tibbi yardım maşınına qoyub xəstəxanaya yola salıblar. Həkimlər bildiriblər ki, cərrahiyyə şöbəsinə daxil olarkən pasientin sol böyrəyində, mədəsində bıçaq yaraları olub və o, çoxlu qan itiribmiş. Hazırda pasientin vəziyyəti ağır qiymətləndirilir. Azərbaycan vətəndaşının döyülməsilə bağlı cinayət işi qaldırılıb. Əməliyyatçıların fikrincə, 21 yaşlı Surəti vəhşicəsinə döyüb-bıçaqlayanlar - skinhedlər olub. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|