|
Mədəniyyət / 07.10.2008 16:24 “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzi Tallində fəxri fərmanla təltif edilib
Fəxri fərman mərkəzə Estoniyada demokratiyanın, vətəndaş cəmiyyətinin və milli azlıqlar mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə verilib
Estoniyanın “Salme” Mədəniyyət Mərkəzində “Estoniya Xalqları Günü” adlı tədbir keçirilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindəın verilən məlumata görə, Estoniya Respublikasının 90-illiyi münasibəti ilə təşkil olunan bayram tədbirləri çərçivəsində qeyd edilən bu mərasimin təşkilatçısı Estoniyanın Əhalinin Yerləşdirilməsi Nazirliyidir. Tədbirdə Estoniya Əhalinin Yerləşdirilməsi naziri xanım Urve Palo, Estoniyada fəaliyyət göstərən bütün milli azlıqların nümayəndələri-Azərbaycan, özbək, tatar, çuvaş, yəhudi, rus, bolqar, latış, belarus, moldovan və s., digər ölkələrin diplomatik nümayəndəliklərin təmsilçiləri, Tallin İcra Hakimiyyətinin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Mərasimə qatılan xalqlar öz ölkələrinin milli mədəniyyətini və tarixini təbliğ edən guşələr hazırlayıblar. Azərbaycanı bu tədbirdə “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı guşədə Azərbaycan Respublikasının xəritəsi, Azərbaycanın mədəniyyəti və incəsənətindən bəhs edən əyani vəsaitlər, milli musiqi alətləri, kitablar, jurnallar və Azərbaycan milli xörəkləri təqdim olunub. Tədbirdə ölkənin demokratiyasının, vətəndaş cəmiyyətinin və milli azlıqlar mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə xanım Urve Palo “Aydan” Eston-Azərbaycan Mədəniyyət Mərkəzini fəxri fərmanla təltif edib. “Estoniya Xalqları Günü” konsert proqramı ilə davam edib. Konsertdə bütün azsaylı xalqlar öz milli rəqslərini ifa ediblər. Azərbaycan icması “Uzun dərə” rəqsi ilə çıxış edib. Qeyd edək ki, bayram tədbirindən əvvəl Estoniya Əhalinin Yerləşdirilməsi Nazirliyinin nəzdində fəaliyyət göstərən milli azlıqlar üzrə qurumun iclası keçirilib və qurumun sədrliyi tatar milli icmasının sədri Teymur Seyfulinə həvalə olunub. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|