|
Elm / 07.10.2008 15:20 Bakıda müsəlman dövlətlərində təhsilin səviyyəsi müzakirə olunub
Konfransda təhsildə İslam mühütinin yaradılması, onun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə İslam dövlətlərinin birləşməsinin vacibliyi qeyd olunub
İslam ölkələrinin ali təhsil və elmi tədqiqat nazirlərinin 4-cü konfransının bugünkü iclasında müsəlman dövlətlərinin təhsil səviyyəsi əsas müzakirə predmeti olub. Konfransda təhsildə İslam mühitinin yaradılması, onun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə İslam dövlətlərinin birləşməsi qeyd olunub. İslam ölkələri universitetlərinin təkmilləşdirilməsi üçün Avropa elmi-tədqiqat sisteminin standartlarına müraciət edilməsini təklif edən İSESKO-nun Baş katibi Əbdüləziz Bin Osman Əl-Tuveycri bu sahədə islahatların aparılmasını tövsiyə edib. Baş katibin sözlərinə görə, 2005-ci ildə qəbul olunmuş 10 illik iş planına əsasən İslam ölkələri universitetlərinin dünyanın ən yaxşı 20 təhsil ocaqlarına çatdırılması nəzərdə tutulsa da, buna hələ də nail olunmayıb. Bundan başqa, 3 il ərzində quruma üzv 57 ölkədən cəmi 12-də fəaliyyət göstərən 90 universitet haqqında məlumatlar daxil edilib. Konfrans iştirakçıları universitetlərin səviyyəsini öyrənmək üçün koordinatorların təyin edilməsini, ümumi hesabatın hazırlanmasını və sənədin həmin ölkələrin təhsil nazirliklərinə tez bir vaxtda təqdim olunmasını təklif ediblər. Dünyanın fərqlənən 500 universiteti sırasında Azərbaycanın ali məktəblərinin olmamasından təəsüflənən təhsil naziri Misir Mərdanov, sənədin hazırlanmasında tələsməməyə çağırıb./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|