|
İç Xəbər / 06.10.2008 23:20 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti işləri ilə bağlı qaydaları sərtləşdirəcək
Komitənin hazırladığı qaydalarda bütün tikintilərin şəhərsalma prinsiplərinə uyğunlaşdırılması əksini tapıb
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni əsasnaməyə uyğun olaraq, bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən layihə işlərinə lisenziyaların verilməsinə başlanılacaq. Komitə sədri Abbas Ələkbərov deyib ki, inşaat işlərinin həyata keçirilməsi üçün mövcud hüquqi bazanın yeniləşdirilməsinə, yeni normativ-hüquqi sənədlərin hazırlanmasına ehtiyac var və artıq bu istiqamətdə iş görülür. Hazırda komitə tərəfindən Avropa ölkələrinin şəhərsalma təcrübəsi əsasında Bakı şəhərinin yeni baş planının işlənməsinə də başlanılıb. Bu məqsədlə dünya bankının tövsiyəsinə əsasən Avstraliyadan şəhərsalma sahəsində təcrübəli mütəxəssislər dəvət olunub. Qeyd edək ki, artıq komitə tərəfindən Qax, Qobustan və Naftalanın baş planları işlənilib hazırlanıb. Abbas Ələkbərovun sözlərinə görə layihələndirmə mərhələsində şəhərsalma əsaslandırması barədə yeni normativ sənəd hazırlandıqdan sonra paytaxtda inşaat sahəsində xaosun və “nöqtəvari” tikililərin qarşısını almaq mümkün olacaq. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|