|
Hadisə / 25.09.2008 20:27 Qusarda radikal dini qruplaşmalara qarşı başlanan əməliyyat tədbirləri davam edir
ANSPRESS-in bölgə müxbiri bu gün Daxili Qoşunlara məxsus 13 hərbi maşın və 1 ədəd ZTR-in Qusar rayonunun Avaran kəndinin girəcəyindəki meşə massivində axtarış apardığını müşahidə edib
Qusarda Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Daxili Qoşunların radikal dini qruplaşma üzvlərinin zərərsizləşdirilməsi istiqamətində avqustun 24-dən başlanan əməliyyat-axtarış tədbirləri davam edir. ANSPRESS-in bölgə müxbiri bu gün Daxili Qoşunlara məxsus 13 hərbi maşın və 1 ədəd ZTR-in Qusar rayonunun Avaran kəndinin girəcəyindəki meşə massivində axtarış apardığını müşahidə edib. Bu əməliyyatların əvvəlkilərin davamı olduğu bildirilir. Xatırladaq ki, avqustun 29-da rayonun Həzrə kəndi yaxınlığında hərbçilərlə axtarılan şəxslərin atışması nəticəsində daxili qoşunların xüsusi təyinatlısı 25 yaşlı Əli Yolçuyev öldürülmüşdü. Sentyabrın 6 -da milli təhlükəsizlik nazirliyinin keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində 3 nəfər silahlı Qusar rayon sakini Telman Abdullayev, Gülşad Əlixanov və Kamil Əsədullayev öldürülmüşdü. Hazırda daxili qoşunların, milli təhlükəsizlik və daxili işlər nazirliyi ilə birgə Qusar ərazisindəki meşə massivlərində Köhnə Xudat - Avaran Xurel kəndləri ərazisində axtarış tədbirləri davam edir. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|