|
Açıq poçt / 21.09.2008 11:10 ANS PRESSə açıq məktub
Şəmkir rayonunun Könüllü kənd sakinləri qaranlıq və soyuqda yaşayırlar
Şəmkir rayonunun Könüllü kənd sakinlərinin işıq, qaz və hətta su sarıdan problemləri var. Bununla bağlı sakinlərin ANS PRESS-ə ünvanladığı məktubda bildirilir ki, kəndin bir hissəsində paylanan torpaqlarda ev tikən sakinlər bir ildir ki, həmin evlərdə işıqsız və qazsız yaşayırlar. "Biz aidiyyatı qurumlara müraciət etsək də, nəticə yoxdur". Əlacsız qalan insanlar özləri pul yığaraq 1500 manata transformator alıblar: «Burada 15 ailəyik. Özümüz transformator almışıq, hətta kabelləri də özümüz almışıq ki, gəlib çəksinlər, amma heç bir kömək etmirlər». Sakinlər bildirirlər ki, özlərinin çəkdiyi işıq məftilləri yerə sallanır və buna görə kəndin məhəlləsində bir neçə nəfəri, hətta bir uşağı tok vurub. Sakinlər qaz borularının kəndin kənarına qədər gəldiyini, amma onların yaşadıqları evlərə qaz çəkilmədiyini bildirirlər: «Qarşıdan qış gəlir, körpə uşaqlar var. Özümüz qaz çəkə bilmərik. Qorxuludur». /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|