|
Siyasət / 07.09.2008 16:06 «NATO Gürcüstan və Ukraynanın alyansa üzv olmasının tərəfdarıdır»
Bunu Qafqaz regionundan sonra İtaliyaya səfər edən ABŞ-ın vitse-prezidenti Dik Çeyni deyib
«NATO ölkələri Ukrayna və Gürcüstanın Şimali Atlantika alyansına daxil olmasına birmənalı şəkildə razıdır». Bunu İtaliyada səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Dik Çeyni deyib. Onun sözlərinə görə, NATO-nun genişlənməsi davam edir: «Buna görə də Gürcüstan və Ukraynanın təşkilata üzv olması labüddür». Çeyni deyib ki, Rusiya özünün enerji resurslarından istifadə etməklə gənc demokratik ölkələrə təzyiqi gücləndirir.
İtaliyada səfərdə olan ABŞ-ın vitse-prezidenti Dik Çeyni Rusiyanı Suriya və İranla hərbi-texniki əməkdaşlığa görə tənqid edib. Onun sözlərinə görə, Rusiyanın bu ölkələrə silah satması beynəlxalq təhlükəsizliyə təhdiddir. Çeyni qeyd edib ki, Moskva iqtisadi cəhətdən inkişaf etməklə beynəlxalq arenada üstünlük qazanırsa, digər tərəfdən də demokratik ölkələrə təcavüz edərək öz nüfuzunu aşağı salır.
Qeyd edək ki, Rusiyanın Suriya və İranla hərbi texniki əməkdaşlıq sahəsində çoxsaylı müqavilələri var. Statistikaya görə, İran və Suriya 2007-ci ildə Rusiyadan silah alan ölkələrin ilk onluğuna düşüb. Xatırladaq ki, son vaxtlar dünyanın bir çox kütləvi informasiya vasitələrində Rusiyanın Suriyada İsgəndər, İranda isə S 300 adlı zenit raket kompleksini yerləşdirmək cəhdi ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə cavab kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, Amerikanın Gürcüstan və Ukraynanın NATO-ya inteqrasiyasını sürətləndirməyi də buna adekvat reaksiyadır. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|