|
Hadisə / 07.09.2008 15:55 Pakistanın Pişəvar şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb
Partlayış Asif Əli Zərdari prezident seçildikdən sonra baş verib
Pakistanın Pişəvar şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb. Hal-hazırda xəstəxanalarda 80-ə yaxın yaralı müalicə olunur.
Xatırladaq ki, partlayış sentyabrın 6-da Pakistan Xalq Partiyasının həmsədri, ölkənin mərhum keçmiş baş naziri Bənazir Bhuttonun həyat yoldaşı Asif Əli Zərdari prezident seçildikdən sonra baş verib. Qanlı insident minalanmış avtomobili şəhərin girəcəyindəki nəzarət-buraxılış məntəqəsinə çırpan terrorçu-kamikadze tərəfindən törədilib. Partlayış nəticəsində nəzarət-buraxılış məntəqəsi tamamilə dağılıb.
Bundan əlavə, yaxınlıqdakı bazar və 3 bina da dağıntılara məruz qalıb. Hüquq-mühafizə orqanlarının rəsmisinin bildirdiyinə görə, avtomobilə 40 kq-lıq partayıcı qurğu yerləşdirilib, terror hadisəsinin Taliban rejiminin döyüşçülərinə qarşı gücləndirilmiş hərbi kompaniyaya qarşı törədilməsi güman edilir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|