|
İç Xəbər / 07.09.2008 13:01 Respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi ayı keçiriləcək
Məqsəd vətəndaşların diqqətini yol hərəkəti ilə bağlı uşaqların həyat və sağlamlığının qorunmasına yönəltməkdir
Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 10-dan oktyabrın 10-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi ayı keçiriləcək. Bu barədə ANS PRESS-ə Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbənin rəisi Ərəstun Məcidov bildirib ki, təhlükəsizlik aylığının keçirilməsində məqsəd əhalinin, təhsil müəssisələrinin əməkdaşlarının və valideynlərin diqqətini yol hərəkəti ilə bağlı uşaqların həyat və sağlamlığının qorunmasına yönəltməkdir. Onun sözlərinə görə, aylığın keçirilməsi uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, ümumtəhsil məktəblərində şagirdlərin təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində tədris prosesinə köməkliyi artırmaqda köməklik göstərəcək. Bakı Şəhər Dövlər Yol Polis İdarəsinin (BŞDYPİ)hərəkətin təhlükəsizliyinin tərbiyəsi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Bakı şəhərində də yeni dərs ilinin başlanması ilə Bakı Şəhər Yol Polisi hərəkətin təhlükəsizliyini təmin etmək, asayişi qorumaq məqsədilə bir sıra tədbirlər həyata keçirəcəyini bildirib. Paytaxt üzrə böyük canlanma müşahidə olunacağını deyən şöbə rəisi, dərs ilinin başlanması ilə əlaqədar bütün hərəkət iştirakçıları hərəkət etdiyi istiqamətdə təhlükəsizliyinin təmin edilməsində diqqətli olmasının vacibliyini vurğulayıb: “Bu işdə valideynlərdən xüsusilə çox şey asılıdır. Evlərdə valideynlər, küçə və yollarda biz asayiş keşikçiləri diqqəti artırmalıdır”. Şöbə rəisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi baş vermiş yol-nəqliyyat hadisələrində məktəbyaşlı uşaqların qəzalara məruz qalması faktları nisbətən çoxluq təşkil edir: “Təhlillər göstərib ki, təbliğat işində müəyyən irəliləyişlər olsa da, uşaqlar tərəfindən yol-hərəkəti qaydaları, küçə və yollarda təhlükəsiz davranış vərdişləri düzgün aşılanmır. Bu sahədə təkcə yol polisi öz vəzifə səlahiyyətinə həyata keçirməklə yanaşı, valideynlər evlərdə, məktəblərdə müəlimlərdən çox şey asılıdır. Bu kompleks şəkildə həyata keçirilməlidir”. V. Əsədov uşaq yol-nəqliyyat travmatizminin qarşısının alınması, habelə məktəblilərin Yol Hərəkəti Qaydalarını dərindən öyrənmələri istiqamətində tədbirlər davam etdirildiyni deyib. O, maarifləndirmə işinin gücləndirilməsi istiqamətində bu il BŞDYPİ-si tərəfindən Bakı şəhəri Məktəbdənkənar tərbiyə mərkəzinin nəzdində yerləşən uşaq avtomobil şəhərciyinin açıldığını, tədbirdə 100 məktəbli arasında «Yol hərəkəti qaydaları və mən» mövzusunda rəsm müsabiqəsi keçirilərək qaliblər mükafatlandırıldığını vurğulayıb. Qeyd edək ki, 2008-ci ilin 6 ayı ərzində respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 29 nəfər uşaq və yeniyetmə həlak olub, 140 nəfər yaralanıb. Həlak olanların 18, yaralananların isə 87 nəfəri piyadalardır.
Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|