|
İdman / 06.09.2008 12:41 Ermənistan millisinin baş məşqçisi Jan Poulsen: "Matçın favoriti təbii ki, Türkiyədir"
"Oyunçularımla söhbətdə ən yaxşı şəkildə mübarizə aparmalarını və yaxşı oyun göstərmələrini istədim"
Bu gün DÇ-2010-un seçmə mərhələsində Türkiyə milli komandası ilə qarşılaşacaq Ermənistan millisinin baş məşqçisi Jan Poulsen, futbolçular Levon Paçaçiyan və Artur Boskaniyan ilə birlikdə matçın keçiriləcəyi “Razdan” stadionunda mətbuat konfransı keçirib. Türkiyə ilə çox önəmli bir matç keçirəcəklərini bildirən danimarkalı məşqçi J.Poulsen, "Qrupdakı ilk matçımızda Türkiyəylə qarşılaşacağıq. Qalib gələ də bilərik, məğlub ola da bilərik. Amma yaxşı mübarizə apararaq, gözəl futbol oynamaq istəyirik. Oyunun favoriti təbii ki, Türkiyədir. Amma futbolda hər şey ola bilər, oyunçularımla söhbətdə ən yaxşı şəkildə mübarizə aparmalarını və yaxşı oyun göstərmələrini istədim " deyib. Siyasi hadisələrlə idmanın bir-birindən ayrı olduğunu qeyd edən Poulsen, Türkiyə millisinin baş məşqçisi Fateh Terimin İstanbulda keçirdiyi mətbuat konfransında söylədiyi “Biz döyüşməyə yox, futbol oynamağa gedirik” sözlərinin çox doğru olduğunu, onun fikirlərinə qoşulduğunu da əlavə edib. Erməni futbolçular Levon Paçaçiyan ve Artur Boskaniyan isə, Türkiyəylə çox önəmli bir matç keçirəcəklərini bildirərək, yaxşı oyun göstərib, meydandan qalib ayrılmaq istədiklərini qeyd ediblər. Levon Paçaçiyan, "Türkiyədə hər hansı bir komandada oynamaq istəyərsənmi?" sualına, "Belə bir təklif gələrsə, niyə də olmasın, Türkiyədə sevə-sevə oynayaram” deyə cavab verib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|