|
İdman / 06.09.2008 12:12 Fateh Terim: " Tarixi tarixçilərin, siyasəti siyasətçilərin ixtiyarına vermək lazımdır"
"Biz Dünya Çempionu olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Sonuncu Avropa Çempionatı bunu bizə göstərdi"
Bu gün Dünya Çempionatı-2010-un seçmə mərhələsi çərçivəsində İrəvanda Ermənistanla qarşılaşacaq Türkiyə A milli futbol komandasının baş məşqçisi Fateh Terim dünən matçın keçiriləcəyi “Razdan” stadionunda mətbuat konfrası keçirib. "Qonşumuzun paytaxtı İrəvanda futbolçularımla birlikdə bir ilki reallaşdırdığımız üçün çox xoşbəxtəm. Sonuncu Avropa Çempionatında futbolun millətləri necə yaxınlaşdırdığını, dərdlərini necə unutdurduğunu gördük. Bu matçın da gələcək üçün ümidverici bir addım olmasını diləyirəm" deyə F. Terim konfransda bildirib. Komanda olaraq futbol oynamaq üçün gəldiklərini vurğulayan F.Terim, problemlər nə olur olsun 90 dəqiqə ərzində meydanda ancaq işlərini görəcəklərini, gözəl futbol üçün tər tökəcəklərini deyib. "Meydandan kənarda qalan və tarixdən gələn mübahisələrin yükünü hiss etmək istəmirəm. Tarixi tarixçilərin, siyasəti siyasətçilərin ixtiyarına vermək lazımdır. Futbolçularım ancaq meydana çıxıb oynamağı düşünür " deyə qeyd edib. Fatih Terim Türkiyəyə xal gətirmədən qayıtmaq isəmədiyini də vurğulayıb: "Ermənistan asan təslim olmayan çətin rəqibdir, amma biz də Türkiyəyə xal itirmədən dönmək istəyirik. Çox hazır görünməyə bilərik. Bu əksiklik kimi görünə bilər, amma çox da önəmli deyil. Zədəli oyunçularımız var, amma kim oynayır oynasın əlindən gələn hər şeyi edəcək. Ümid edirəm ki, bəzi futbolçular üçün şans olar və bundan istifadə edərlər". Terim, Türkiyənin sonuncu Avropa Çempionatındakı uğurunu, bəxt kimi qiymətləndirənlərə də etiraz edib. Türkiyənin çempionata həm yaxşı hazırlandığını, həm də əlinə düşən imkanları yaxşı dəyərləndirdiyini qeyd edib. ""Türkiyənin bəxti gətirdi" deyənlərə cavab verirəm. Hər bir kəs əməyə hörmətlə yanaşmalıdır. Biz Dünya Çempionu olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Sonuncu Avropa Çempionatı bunu bizə göstərdi"./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|