|
Hadisə / 06.09.2008 11:49 İnternetdə “Əl-Qaidə”nin Əfqanıstandakı liderinin videomüraciəti yayımlanıb
Müraciətdə Qərb ölkələrinə hədə-qorxu gəlinir, bu ölkələrə qarşı hücumların artacağı bildirilir
“Əl-Qaidə” beynəlxalq terror təşkilatının Əfqanıstandakı lideri Mustafa Əbu Əl-Yezidin internetdə müraciəti yayımlanıb. Videoyazı formasında yayımlanan müraciətdə Qərb ölkələrinə hədə-qorxu gəlinir, bu ölkələrə qarşı hücumların artacağı bildirilir. Videomüraciətdə “Əl-Qaidə” terror təşkilatının Əfqanıstandakı lideri Pakistandakı Danimarka səfirliyində kamikadze tərəfindən törədilmiş partlayışa haqq qazandırıb, eləcə də Qərbə qarşı hücumların artacağını deyib. Xatırladaq ki, Danimarka səfirliyində törədilmiş partlayış nəticəsində 6 nəfər dünyasını dəyişmişdi. Ölənlərdən biri isə Danimarka vətəndaşı idi. Partlayışdan dərhal sonra isə “Əl-Qaidə” məsuliyyəti öz üzərinə götürub. Video müraciətdə partlayışı törədən şəxsin kimliyi də açıqlanır. “Əl-Qaidə”nin Əfqanıstandakı liderinin sözlərinə görə, kamikadze- əslən Səudiyyə Ərəbistanından olan Kamal Salim Ətiyyə Əlfudli Əl-Hazlı olub. Həmçinin videoda partlayışa hazırlığın da görüntüləri yayımlanıb. Qeyd edək ki, müraciətdə özlərini gгya İslam təəssübkeşləri kimi təqdim edən terrorçular həmin partlayışın Məhəmməd Peyğəmbərin (əs) karikaturalarına qarşı cavab tədbiri olduğunu deyiblər. Xatırladaq ki, Pakistanda Danimarka səfirliyinə qarşı törədilən hadisə rəsmi Kopenhagenə qarşı karikaturaların bu ilki dərcindən sonra ən böyük terror aktı sayılır. 55 dəqiqəlik videomüuraciətdə “Əl-Qaidə”nin Əfqanıstandakı rəhbəri Mustafa Əbu Əl Yezid söz verib ki, təşkilat bundan sonra da Məhəmməd Peyğəmbərin (əs) karikaturlarını çəkənlərə qarşı konkret qisas tədbirləri görəcək. Danimarka rəsmiləri video müraciət barədə heç bir münasibət açıqlamayıb. Bununla belə, Danimarka təhlükəsizlik xidməti ölkənin ciddi hücumlara məruz qala biləcəyi barədə vətəndaşlarına xəbərdarlıqda çıxış edib. “Əl-Qaidə”nin Danimarkanı öz hədəflərindən biri seçməsini isə terrorçu təşkilat 2006-cı ildə bu ölkədə Məhəmməd Peyğəmbərin (əs) karikaturalarının dərc edilməsi bəhanəsi ilə izah edir. Həmin karikaturalar isə bu il bir neçə Avropa qəzetlərində təkrar nəşr olunub. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|