|
İdman / 06.09.2008 10:45 Teymur Rəcəbov Maqnus Karlsenə məğlub olub
Teymur 5-ci turda erməni Levon Aronyanla qarşılaşacaq
İspaniyanın Bilbao şəhərində şahmat üzrə "Böyük dəbilqə" Superturniri davam edir. Yarışda Azərbaycanı təmsil edən beynəlxalq qrossmeyster Teymur Rəcəbov dördüncü tur Norveç şahmatçısı Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynıyan T.Rəcəbov bu görüşdə məğlub olub, qrossmeysterimiz 37-ci gedişdə Superturnirdə ilk məğlubiyyətilə barışmalı olub. Yarışın lideri, Bolqarıstan şahmatçısı Veselin Topalov isə bu tur ağ fiqurlarla Vişvanatan Ananda qalib gəlib. Hindistanlı şahmatçı 25-ci gedişdən sonra ağ bayraq qaldırmağa məcbur olub. Ağ fiqurlarla oynamış erməni Levon Aronyan da bu tur ilk qələbəsini qazanıb. Ukrayna qrossmeysteri Vasili İvançuk 70-ci gedişdə təslim olub. 4 turdan sonra turnir cədvəlinə əvvəlki kimi aktivində 8 xalı olan Veselin Topalov başçılıq edir. Maqnus Karlsen liderdən 1 xallıq geriləmə ilə ikinci yerdədir. Ən güclü üçlüyü isə 5 xalla Levon Aronyan qapayır. 4-6-cı yerləri isə liderdən 2 xallıq geriləmə ilə Teymur Rəcəbov, Vasili İvançuk və Vişvanatan Anand bölüşdürürlər. Qeyd edək ki, reqlamentə əsasən şahmatçılara qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal verilir. Bu gün Bilbao turnirində 5-ci turun görüşləri keçiriləcək. Teymur bu tur ağ fiqurlarla erməni Levon Aronyana qarşı oynayacaq. İki dövrədən ibarət "Böyük dəbilqə" Superturniri qalibinin kimliyinə sentyabrın 13-də aydınlıq gələcək./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|