|
Hadisə / 29.08.2008 16:43 Sabunçu rayonunda "VAZ 2107" aşıb, iki nəfər ölüb
Tərtərdə isə iki avtomobil toqquşub, bir nəfər həyatını itirib
Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Qəsəbə sakini Möhlət Ələsgərov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırıb və nəticədə M.Ələsgərov və sərnişini Zamiq Quliyev hadisə yerində ölüblər. Araşdırmalar zamanı avtomaşının Abşeron rayon sakini Qismət Məcidova məxsus olması və avqustun 27-də Pirşağı qəsəbəsi ərazisindən qaçırılması müəyyən edilib. Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. Tərtərdə isə Ağdam rayon sakinləri Zahid Məmmədovun idarə etidiyi "VAZ-21011" markalı və Bəylər Qədimovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşublar və nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Qədimov orada ölüb. Tərtər RPŞ tərəfindən araşdırmalar aparılır. Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində isə rayon sakini İntiqam Qurbanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Təzəkənd kənd sakini Böyükağa İsgəndərovun idarə etdiyi "QAZ-53" markalı avtomaşına vurub. "VAZ-2106" markalı avtomaşının sərnişinlərindən Yusif Rüstəmov hadisə yerində ölüb. Faktla bağlı araşdırmalar aparılır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|