|
Siyasət / 29.08.2008 12:48 Rusiyanın baş naziri rəsmi Vaşintonu Gürcüstan rəhbərliyini ağıllandırmamaqda ittiham edib
Vladimir Putin tanınmamış Cənubi Osetiya ətrafında baş verənləri ABŞ-da keçiriləcək prezident seçkisi ilə əlaqələndirib
Rusiyanın baş naziri Vladimir Putin CNN telekanalına müsahibə verib. Rusiya hökumətinin başçısı tanınmamış Cənubi Osetiya respublikası ətrafında baş verən hadisələri ABŞ-da keçiriləcək prezident seçkisi ilə əlaqələndirərək, rəsmi Vaşintonu Gürcüstan rəhbərliyini ağıllandırmamaqda ittiham edib. «Cənubi Osetiya ətrafında münaqişənin ABŞ-da prezidentliyə namizədlərdin birinin reytinqini yüksəltmək məqsədilə başladıldığını istisna etmirik. Bu münaqişənin ABŞ prezidentliyinə namizədlərdən birini üstün mövqeyə çıxarmaq məqsədilə başlandığı şübhələri getdikcə artır. Biz ümid edirdik ki, ABŞ Administrasiyası münaqişəyə müdaxilə edəcək və Gürcüstan rəhbərliyini ağıllandıraraq təcavüzkar fəaliyyəti dayandıracaq. Amma bu, baş vermədi. ABŞ istəsəydi, Gürcüstanı münaqişənin eskalasiyasından çəkindirə bilərdi. Mən Pekində olarkən ABŞ prezidenti Corc Buşla danışdım, o da bildirdi ki, heç kəs müharibə arzusunda deyil»,- deyə Putin bildirib. Putin həmçinin deyib ki, münaqişə zonasında ABŞ vətəndaşlarının olmasına dair Rusiyanın ciddi ehtimalları var: «Əgər gerçəkdən də münaqişə zonasında ABŞ vətəndaşları olubsa, bu, çox pis haldır. həm təhlükəli, həm də səhv siyasətdir». /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|