|
Siyasət / 29.08.2008 11:44 Barak Obama Rusiyaya qarşı sərt və birbaşa diplomatik yollardan istifadə ediləcəyini bildirib
Təxminən 2 aydan sonra ABŞ-da baş tutacaq prezident seçkisinə ölkənin Demokrat partiyası adından qatılan senator Barak Obama rəsmi namizəd kimi ilk çıxışını edib
ABŞ-da keçiriləcək prezident seçkisində, Demokrat partiyasının Amerikanın dövlət başçısı postuna namizədliyini irəli sürdüyü senator Barak Obama rəsmi olaraq, partiyanın qərarının qəbul edib və noyabrda baş tutacaq seçkidə qalib gəlmək əzmində olduğunu bildirib. Demokrat partiyasının Denverdə keçirilən qurultayında 84 minlik auditoriya qarşısında çıxış edən Barak Obama Vaşinqtonun səhv siyasətini düzəltməyə söz verib, onun sözlərinə görə, ABŞ müharibə apardığı və iqtisadiyyatın böhran keçirdiyi bir vaxtda Amerikanın gələcək taleyi yenidən təhlükədədir, belə ki, böyük sayda amerikalı iş yerini itirib. Bunun nəticəsində onlar ipoteka və istehlak kreditlərini ödəyə bilmirlər. Obama bütün bu probelmlərin Vaşinqtonun qeyri-düzgün siyasəti və Corc Buşun uğursuz idarəçiliyinin nəticəsi olduğunu bəyan edib. Obama çıxışında prezident seçkisində qalib gələcəyi təqdirdə Rusiyanın təcavüzünün qarşısını almaq üçün sərt və birbaşa diplomatiyadan istifadə edəcəyini vurğulayıb. “Mən gələcək münaqişələrə hazır olmaq üçün bizim silahlı qüvvələri bərpa edəcəyəm. Mən həmçinin İranın nüvə silahı əldə etməsinin qarşısını ala və Rusiyanın təcavüzünü dayandıra biləcək sərt və birbaşa diplomatiyanı bərpa edəcəyəm”. Barak Obama eyni zamanda prezident seçkisində Respublikaçılar partiyasından rəqibi olan senator Con Makkeyn barədə də danışıb, Respublikaçılar partiyasının gələn həftə Minnessotada seçkiqabağı qurultayını keçirəcəyini qeyd edən edən Obama bu partiyanın növbəti dəfə iş başına keçməsinə imkan verməyəcəklərini deyib. “Sizə Corc Buş və Dik Çeyninin 2 müddətə idarəçiliyini qismət etmiş partiya 3-cü müddəti istəyəcək, amma biz vətənimizi çox sevdiyimizdən növbəti 4 ilin son 8 il kimi olmasına yol verə bilmərik”. Senator Barak Obama Demokrat partiyasının keçmişdə Ruzvelt və Kennedi kimi parlaq siyasi liderlərə malik olduğunu xatırladaraq, bu partiyanın ən çətin vaxtlarda ABŞ-ın maraqlarını müdafiə etməyə qadir olduğunu bəyan edib. Sonda Barak Obama ABŞ-ın iqtisadiyyatı və planetin təhlükəsizlik və gələcəyi naminə Amerikanın növbəti 10 illikdə Yaxın Şərq neftindən asılılığını azaltmağa çalışacağını bildirib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|