|
Siyasət / 29.08.2008 11:28 BMT Təhlükəsizlik Şurasında Gürcüstanla bağlı növbədənkənar iclas keçirilib
Qarşılıqlı ittihamlarda müşayiət olunan müzakirələr hər hansı qətnamə qəbul edilmədən başa çatıb
Bu gecə Gürcüstan tərəfinin tələbi ilə BMT Təhlükəsizlik Şurasında növbədəkənar iclasın keçirilməsi baş tutub. Verilən məlumata görə, iclasda Fransanın nümayəndəsi Jan Pyer faktların araşdırılması üçün Gürcüstan və tanınmamış Cənubi Osetiya respublikasına BMT missiyasının göndərilməsi təklifi ilə çıxış edib. Onun bu təklifini Amerika Birləşmiş Ştatlarını təmsil edən Aleksandr Vulf da dəstəkləyib. Amerika nümayəndəsi hazırda Gürcüstanda hümanitar faciənin yaşandığını da qeyd edib. Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin isə təklifin əleyhinə çıxış edərək bu cür addımların Gürcüstan rəhbərliyini tənqiddən kənar tutmaq məqsədi daşıdığını söyləyib. Rus diplomatının sözlərinə görə, rəsmi Tiflis özü faktiki olaraq baş verən hadisələrin əvvəlcədən düşünülmüş hərbi aksiya olduğunu etiraf edib. O, həmçinin Gürcüstanı Rusiyaya qarşı təxribat törətməkdə də günahlandırıb: «Bütün faktlar tamamilə aydındır və kimlərsə məsələni qarışdırmaq istəyir». Qeyd edək ki, iclasda Rusiyanın xahişinə baxmayaraq, Gürcüstan ərazisindəki tanınmamış qurumların nümayəndələrinin çıxışına icazə verilməyib. Buna cavab olaraq, Vitali Çurkin Qərb ölkələrini ikili standartlarda günahlandırıb və bildirib ki, tanınmamış Abxaziya və Cənubi Osetiya təmsilçilərinin iştirakı olmadan keçirilən iclas əhəmiyyətsiz toplantıdır: «Abxaziya və Cənubi Osetiyanın Kosovoya nisbətən müstəqilliyə daha çox haqqı var». Gürcüstanın BMT-dəki daimi nümayəndəsi İrakli Alasaniya isə öz çıxışında Rusiyanın münaqişə tərəflərindən biri olduğunu bəyan edib. Onun sözlərinə görə, rus qoşunları Gürcüstan ərazisini işğal ediblər və burada etnik təmizləmə ilə məşğuldurlar: «Rus hərbçilərinin köməyi ilə münaqişə zonasından gürcü əsilli əhali qovulub və onların yaşadıqları ərazilərə geri dönmələrinə icazə verilmir». Rusiyanın qondarma Cənubi Osetiya və Abxaziya respublikalarının müstəqilliyini tanımasına münasibət bildirən Alasaniya, bu halın heç bir hüquqi prinsipə əsaslanmadığını və beynəlxalq ictimaiyyətin ciddi etirazına səbəb olduğunu bildirib. Qeyd edək ki, iclas hər hansı qətnamə qəbul edilmədən başa çatıb. BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən Belçikanın nümayəndəsi Can Qrauls bildirib ki, məsələ ilə bağlı avropalı diplomatların mövqeyi üst-üstə düşmədiyinə görə, qərarın çıxarılması müəyyən müddətə təxirə salınıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|