|
İqtisadiyyat / 29.08.2008 11:12 Bitki yağlarının qiymətini satıcılar artırır?
Ölkədəki istehsalçı şirkət, bahalaşmanın pərakəndə satış zamanı baş verdiyini bildirir
Son günlər Azərbaycanda istehsal olunan bitki yağlarının qiyməti artıb. Satıcıların sözlərinə görə, ilin əvvəlindən bəri bitki yağları bahalaşmaqda davam edir. Sonuncu dəfə qiymət artımı isə avqustun ortalarında müşahidə olunub. Satıcılar qiymətlərin yağın növündən asılı olaraq 10-15 faiz artdığını deyir. Satıcılar bitki yağlarının topdansatış qiymətində ciddi dəyişikliyin olmadığını etiraf etsələr də, pərakəndə satışda bahalaşmanın səbəblərini izah etməkdə çətinlik çəkirlər. Onlar «Hər yerdə bahalaşma var deyə biz də qiymətləri qaldırırıq»,- deməklə kifayətlənirlər. Azərbaycanda bitki yağlarının istehsalı ilə məşğul olan «Azərsun holdinq» şirkətindən ANS TV-yə verilən məlumata görə, hazır məhsulun anbarlardan çıxış qiymətində heç bir dəyişiklik olmayıb. Şirkət rəsmiləri son bahalaşmanı dükan sahiblərindən asılı olduğunu bildirir: «Bu gün əvvəlki həcmdə bikti yağları istehsal olunur və hələlik dünya bazarındakı proseslərin Azərbaycana təsiri hiss olunmur». İqtisadi İnkişaf Nazirliyindən isə bildirilib ki, son vaxtlar şəkər tozu və bitki yağlarında müşahidə olunan qiymət dəyişikliyi ilə bağlı araşdırmalara başlanılıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|