|
İqtisadiyyat / 29.08.2008 10:27 Bakı-Quba-Rusiya dövlət sərhəddi avtomobil yolunun çəkilişi noyabrda yekunlaşacaq
Artıq yolun 120 kilometrlik hissəsində torpaq bərkitmə işləri başa çatdırılıb
Bakı-Quba-Rusiya dövlət sərhəddi avtomobil yolunun çəkilişi noyabr ayında yekunlaşacaq. Nəqliyyat Nazirliyinə məxsus «Azəryolservis» Səhmdar Cəmiyyətindən bildirirlər ki, artıq yolun 120 kilometrlik hissəsində torpaq bərkitmə işləri başa çatdırılıb. Bir il əvvəl yenidən qurulmasına başlanılmış yolun 110 kilometirlik hissəsində isə betonlama işi yekunlaşıb. Qeyd edək ki, həmin istiqamətdə yük maşınlarının hərəkəti sıxlıq təşkil etdiyindən beton örtüyünün qalınlığı 28 santimetrdir. İşlərin sürətlə aparılması üçün ərazi hissələrə bölünüb. Yolun Dəvəçi rayonu ərazisinə düşən 40 kilometrlik hissəsinə artıq beton qat döşənib. Hazırda yolun istifadəyə verilmiş 100 kilometrlik hissəsində işıq dirəkləri quraşdırılır və istinad divarları çəkilir.
Ümumilikdə, avtomobil yolu üzərində 22 körpü, 2 tunel, 1 dəmir yol körpüsü inşa ediləcək. İşlərin sürətlə aparılması üçün yol boyu 12 beton zavodu tikilib. Paytaxtda isə regionda oxşarı olmayan asma körpülər salınacaq. Səhmdar cəmiyyətdən verilən məlumata görə, metronun Əzizbəyov stansiyasının yanındakı dairəni Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən yeni avtomobil yolunun Sabunçu dairəsinədək olan hissəsi yaxın 15 gün ərzində istifadəyə veriləcək.
Ümumilikdə, yolun tikintisi isə ilin sonunadək yekunlaşacaq. Yolun keçdiyi ərazilərdə bataqlıq sahələrinin olması tikinti işlərini bir qədər gecikdirsə də, işin 70 faizi artıq görülüb. Yeni yol əvvəlkindən həm hündür, həm də enli olacaq. Bir neçə prospekti birləşdirən yol qovşaqları tıxacları aradan qaldırmağa imkan yaradacaq. Beton dirəklərin üzərində uzunluğu 185 və 145 metr olan iki asma körpü də salınacaq. Sentyabrda yol qovşağının Ziya Bünyadov və Qara Qarayev prospektlərini birləşdirən hissəsi də istifadəyə veriləcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|