|
Siyasət / 28.08.2008 17:18 AMİP Cənubi Qafqazda baş verən hadisələrlə bağlı bəyanat yayıb
Partiya hesba edir ki, Rusiyanın bundan sonra ATƏT-nin Minsk Qrupunun tərkibində qalması mümkünsüzdür
Azərbaycan Milli İstiqlal partiyası (AMİP) Cənubi Qafqazda baş verən hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, son dövrlər Cənubi Qafqazda gedən proseslər və müharibə əhval-ruhiyyəsinin artması, bəşəriyyətə, eləcə də Azərbaycana ciddi təhlükə törətməkdədir: «Qarşıduran tərəflərin zora və silaha üstünlük verməsi, habelə güc nümayişi planetimizi risk altında qoyub. Rusiyanın dünya ixtimaiyyətinin etirazlarına məhəl qoymayaraq imperiya siyasətini inadkarlıqla həyata keçirmək istəyi müstəqil dövlətimizi də təhdid etməkdədir».
AMİP-in bəyanatında BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü kimi Rusiya dövlətinin hamılıqla qəbul edilmiş prinsiplərə və hüquq normalarına zidd qərarlar qəbul etməsinin separatizmdən uzun illər boyu əziyyət çəkən Azərbayxan üçün də yeni problemlər yarada biləcəyi qeyd edilib.
Partiya bəyanatında Rusiyanın qondarma Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanımasını pisləyir və regionda baş verən proseslərdən narahatlığını bildirir: «AMİP hesab edir ki, Rusiyanın bu addımından sonra onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını həyata keçirən ATƏT-nin Minsk Qrupunun tərkibində qalması mümkünsüzdür. Bu, bir daha sübut etdi ki, Rusiya bölgədə sülhün və təhlükəsizliyin qorunmasında nəinki maraqlı deyil, hətta, tərəf kimi çıxış edir». /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|