|
Mədəniyyət / 28.08.2008 17:32 İsveçrədəki nüfuzlu Or Xadaş sinaqoqunda Azərbaycanı tanıtma gecəsi keçirilib
Qonaqlar xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumatlandırılıb
İsveçrədəki nüfuzlu Or Xadaş sinaqoqunda Azərbaycanı tanıtma gecəsi keçirilib. Tədbirdə Azərbaycan tarixinin müxtəlif dönəmləri və bu günkü inkişafı ilə bağlı slaydların müşayiət ilə ətraflı informasiya verilib, qonaqlar xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumatlandırılıb. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin göndərdiyi Azərbaycan, Qarabağ münaqişəsi və ölkəmizdəki dağ yəhudiləri haqqında broşur, kitab və bukletlər də mərasim iştirakçılarına təqdim edilib. Azərbaycanlı gənc xanım „Azərbaycan“ şeirini səsləndirib. Tədbirin ikinci hissəsi isə Azərbaycanda yaşayan dağ yəhudilərinə həsr olunub. Bu barədə də dağ yəhudi dilində oxunan mahnının müşayiəti ilə slaydlar göstərilib və onların Azərbaycandakı yaşayışı haqqında bilgi verilib və qonaqların sualları cavablandırılıb. Tədbirdə iştirak edən XÖYAİDK-nin əməkdaşı Azərbaycan-İsrail simpoziumu haqqında da qonaqlara məlumat çatdırıb. Tədbirdə əsasən Or Xadaş sinaqoqunun, həmçinin eyni adlı cəmiyyətin prezidenti və üzvləri iştirak ediblər. Görüşə həmçinin Azərbaycanlıların İsvecrədəki Mədəniyyət Mərkəzi (AİMM), yeni yaranmış “WEST & OST Research and Developmend Association“ təşkilatı da qatılıb. Təxminən 150 nəfərin iştirak eydiyi tədbirdə ənənəvi Şabat mərasimindən sonra qonaqlara Or-Xadaş cəmiyyətinin aşbazının hazırladığı Azərbaycan xörəklərindən ibarət şam yeməyi verilib. Eyni zamanda qonaqlara XÖYAİDK-nin xüsusi olaraq bu tədbir üçün göndərdiyi paxlava, şəkərbura və şəkərçörəyi təqdim olunub. Alman dilində çap olunmuş bu şirniyyatın hər birinin hazırlanma qaydası barədə bilgi qonaqlara hədiyyə edilib. Tədbirin sonunda isə 11 yaşlı azərbaycanlı gənc saksofonda yəhudi musiqisi ifa edib. Qonaqlar Azərbaycandakı dağ yəhudiləri ilə əyani tanışlıq və onların yaşayışını öz gözləri ilə görmələri üçün ölkəmizə dəvət olunublar. Bu cür tədbirlərin İsveçrənin bütün yəhudi icmalarında kecirilməsi və yəhudi icmasi ilə sıx əlaqələrin qurulması qərara alınıb./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|