|
İç Xəbər / 28.08.2008 15:08 Prezident İlham Əliyev Sumqayıta səfər edib
Dövlət başçısı şəhərdə tikilmiş Paralimpiya İdman Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Sumqayıta səfər edib. AzərTAc-ın məlumatına görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Daha sonra şəhərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Paralimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, kompleksin tikintisinə 2005-ci ildə başlanıb və 2,25 hektar sahəni əhatə edən kompleksin smeta dəyəri 3,1 milyon manatdır. Kompleksə 130 nəfərlik akt salonu, trenajor, əl oyunları, böyük və kiçik atıcılıq zalları, açıq futbol və voleybol meydançaları, qapalı üzgüçülük hovuzu daxildir. Binada müasir tipli liftlər, üzgüçülük hovuzunda avtomatik təmizləmə, dezinfeksiya, qızdırıcı qurğular quraşdırıllb. Kompleksdə əlillərin sərbəst hərəkəti üçün lazımi şərait yaradılıb. Kompleksin yanında müasir tipli mehmanxana da tikiləcək. Dövlətimizin başçısı akt salonunda Pekin Paralimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançıları ilə görüşüb, daha sonra prezident görüşdə çıxış edib. Bu gün eyni zamanda prezidenti Sumqayıtda Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və Çernobıl qəzası əlilləri üçün tikilmiş dördmərtəbəli 36 mənzilli yaşayış binasının açılış mərasimində iştirak edib. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilmiş binaya əlillərin rahat daxil olmaları üçün xüsusi giriş quraşdırılıb, hər bir mənzil mebel və digər məişət avadanlığı ilə təmin edilib.Azərbaycan Prezidentinin adından hər bir ailəyə televizor və soyuducu hədiyyə olunub. Prezident İlham Əliyev yeni mənzillərin orderlərini sakinlərə təqdim edib, bina ilə yaxından tanış olub. Dövlət başçısına məlumat verilib ki, mənzillərin 5-i şəhid ailələri, 29-u Qarabağ müharibəsi əlilləri, 2-si isə Çernobıl qəzası əlilləri üçün ayrılıb./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|