|
İç Xəbər / 28.08.2008 00:24 İFAD Azərbaycanın Qərb rayonlarında aqrar sektorun inkişafı üçün güzəştli kredit ayıracaq
Layihə Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması və bərpasını nəzərdə tutur
Beynəlxalq kənd təsərüfatı inkişaf fondu - IFAD Azərbaycanın Qərb rayonlarında aqrar sektorun inkişafı layihəsinə güzəştli kredit ayıracaq. Bu vəsait Qərb bölgəsində suvarma sistemlərinin yenidən qurulmasına xərcələnəcək və fermerlərə kredit veriləcək. İtaliyanın paytaxtı Romada imzalanan müqavilənin şərtlərinə əsasən IFAD bu məqsədlə ölkəmizə 17,9 milyon dollar kredit ayıracaq. Kənd təsərrüfatı nazirliyinin kredit agentliyinin direktoru Razim Vəliyev ANS-ə bildirib ki, bu IFAD-ın Azərbaycana ayırdığı sonuncu kredit olacaq. Fond borcu ilk 20 ili güzəştli olmaqla 40 il müddətinə və ildə 0,75 faizlə ayırıb. Dəyəri 35 milyon dollara yaxın olan layihənin qalan hissəsi Azərbaycan hökumətinin ayıracağı vəsait hesabına maliyyələşdiriləcək. Razim Vəliyevin sözlərinə görə, layihə Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması və bərpasını nəzərdə tutur. Eyni zamanda kənd təsərrüfatlarının inkişafı üçün 4 milyon dollarlıq kredit komponenti də nəzərdə tutulur. Fond bundan əvvəl ölkənin Qərb rayonlarında kənd təsərrüfatının inkişafı layihəsinə hazırlıq üçün 1 milyon dollar qrant da ayırmışdı. Qeyd edək ki, kənd təsərrüfatının inkişafı məqsədilə hələ heç bir ölkə IFAD-dan Azərbaycan qədər kredit almayıb. Digər ölkələrə ayrılan güzəştli kredit ən yaxşı halda 12 milyon dollar təşkil etdiyi halda, fond ölkəmizdə aqrar sektorun dəstəklənməsinə ümumilikdə 31 milyon dollardan artıq kredit yardım edib. Cənab Vəliyev onu da bildirdi ki, indi agentlik Dünya bankı və IFAD-ın krediti hesabına ölkədə 5 layihə həyata keçirir və onların maliyyə tutumu 100 milyon dollardan artıqdır. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|