|
İç Xəbər / 27.08.2008 21:52 Prezident İlham Əliyev metronun yeni tikilən “Nəsimi” və “Azadlıq prospekti” stansiyaları ilə tanış olub (FOTOREPORTAJ)
Ölkəmiz müstəqillik qazandıqdan sonra tikilən ilk stansiya olan “Nəsimi” stansiyasının inşası bütünlüklə yerli mütəxəssislərə tapşırılıb
Prezident İlham Əliyev bu gün Bakı metrosunun yeni tikilən “Nəsimi” və “Azadlıq prospekti” stansiyaları ilə tanış olub. Dövlət başçısı əvvəlcə tikintisi başa çatmaqda olan “Nəsimi” stansiyasının yerləşdiyi əraziyə gəlib, inşaat işlərinin açıq üsulla aparıldığı sahə və Bakı Metropoliteninin üçüncü növbəsinin şimal sahəsinin sxemi və perspektiv inkişaf sxemləri ilə tanış olub. Ona məlumat verilib ki, “Nəsimi” stansiyasının davamı olaraq çəkilən xətt ilin sonunadək digər stansiya ilə birləşdiriləcək. Metropolitenin yeni stansiyalarının çəkilməsi ilə bağlı layihələr də var. Bu layihələr, ilk növbədə, şəhərdaxili şəbəkənin genişləndirilməsini və paytaxt əhalisinin tələbatının tam ödənilməsini nəzərdə tutur. Ölkəmiz müstəqillik qazandıqdan sonra tikilən ilk stansiya olan “Nəsimi” stansiyasının inşası bütünlüklə yerli mütəxəssislərə tapşırılıb. Gələcəkdə metronu Sumqayıta qədər uzatmaq nəzərdə tutulur. Perspektivdə Badamdar və Günəşli yaşayış massivlərinə metro xətlərinin çəkilməsi planlaşdırılır.
Son tamamlanma işlərinin aparıldığı “Nəsimi” stansiyası ilə tanışlıq enerji blokundan başlayıb. Daha sonra prezident İlham Əliyev stansiyanın platforması ilə tanış olub. Bakı Metropolitenində ən müasir avadanlıq ilk dəfə məhz bu stansiyada quraşdırılıb. Tikintisinə 2006-cı ildə başlanmış stansiyanın ağır hidrogeoloji şəraitdə inşa olunmasına baxmayaraq, işlər vaxtından tez yerinə yetirilib. Stansiyada, ilk dəfə olaraq, qatarların hərəkətinin tənzimlənməsi və texniki nəzarət kompyuterləşdirilib. Stansiya işə düşdükdən sonra burada 251 nəfər işlə təmin olunacaq. “Memar Əcəmi” stansiyasının davamı kimi çəkilən bu stansiyanın uzunluğu 2660 metr, platformanın uzunluğu 102, eni 18 metrdir. Dörd çıxışı olan stansiyada eskalatorlar quraşdırılıb. Paytaxtın 6 və 9-cu mikrorayonlarını birləşdirən stansiyanın ətrafı abadlaşdırılmış, yaxınlıqdakı binalarda təmir-bərpa işləri aparılıb. Ərazidə yaşayan sakinlər də insanların rahatlığı üçün yaradılan şəraitə görə dövlət başçısına təşəkkürlərini bildiriblər. /ANS PRESS/ Şəkillərə burada baxa bilərsiniz
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|