|
Kriminal / 27.08.2008 16:16 Xaçmaz rayon sakinindən əl qumbarası tapılıb
Babək Hüseynov qumbaranı həyətdə basdırıb
Xaçmaz rayon polisşöbəsinin Xudat bölməsinin əməkdaşları rayonun Maqsudkənd sakini 38 yaşlı Babək Hüseynovdan əl qumbarası aşkarlayaraq götürüblər. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakinində partlayıcı maddə olması ilə bağlı məlumat alan Xudat polisi onu şöbəyə dəvət edib. Daha sonra B.Hüseynovun həyətində axtarış aparılıb və yerə basdırılmış əl qumbarası partlayıcısı ilə birgə tapılıb.
Qumbara Daxili İşlər Nazirliyinin Ekspertiza İdarəsinə göndərilib və rəy alınıb. Bu, RQD tipli silahdır. B.Hüseynov bildirib ki, qumbaranı 1993-cü ildə Füzuli rayonunda döyüş zamanı yaralandığı zaman gətirib və sonradan evinin həyətində basdırıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz odlu silah saxlama) maddəsi ilə cinayət işi başlanılıb. Müstəntiq Elçin Rəcəbovun verdiyi məlumata görə, faktla bağlı araşdırma gedir. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|