|
Siyasət / 27.08.2008 16:15 "Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasına heç bir təsir göstərməyəcək”
Bunu ANS TV-yə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bəyan edib
"Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasına heç bir təsir göstərməyəcək". Bunu ANS TV-yə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bəyan edib. Onun sözlərinə görə, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir . “Bildiyiniz kimi ötən gün Rusiya Federasiyası Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması çətin, məcburi, lakin indiki vəziyyətdə yeganə mümkün qərardır. Bu qərar Gürcüstan hakimiyyət orqanlarının avqustun 8 - də Cənubi Osetiyaya qarşı başladığı hərbi əməliyyatla bağlı konkret situasiyanın məhsuludur. Eyni zamanda qeyd etmək istəyirəm ki, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı əvvəllər bəyan etdiyi mövqeyində də heç bir dəyişiklik yoxdur. Və Rusiya hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı , eyni zamanda ölkənizin bütün problemlərinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı bəyanatları qüvvədə qalır. Həmçinin prezidentlər Dmitri Medvedevlə İlham Əliyev arasında iyulda imzalanmış bəyannamə də heç bir halda qüvvəsini itirməyəcək. İndi artıq hamımız başqa vəziyyətdə yaşıyacağıq. Bu vəziyyətə biz öyrəşməliyik. Ona görə də əlbəttə ki bu, regiondakı vəziyyətə təsir edəcək. Lakin bir daha bəyan edirəm ki, bu , Rusiya və Azərbaycan arasındakı münasibətlərə heç cür təsir etməyəcək”, deyə V. İstratov bəyan edib./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|