|
Hərb / 27.08.2008 15:05 Dörd ay ərzində ermənilər 340 hektar ərazimizi tamamilə yandırıblar
ATƏT nümayəndələrinin mayın 7-də keçirilən monitorinqindən sonra ermənilərin açdığı atəş nəticəsində üç dinc sakin yaralanıb
«ATƏT nümayəndələrinin Ağdam rayonu ərazisində bu il mayın 7-də keçirilən sonuncu monitorinqindən sonra ermənilərin açdığı atəş nəticəsində üç dinc sakin yaralanıb». Bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev məlumat verib.
O bildirib ki, ermənilər bu müddət ərzində işğal altındakı 340 hektar ərazini tamamilə yandırıblar. Nəticədə rayona 426 min manat ziyan dəyib. H.Sarıyev həmçinin qeyd edib ki, ermənilər işğal altındakı ərazilərdə tez-tez hərbi təlimlər keçiriblər: «Ermənilər nümayişkaranə şəkildə ağır artilleriyadan atəş açmaqla əhali arasında təşviş yaratmaq istəyir»,- deyə icra başçısı vurğulayıb.
Qeyd edək ki, Ağdam rayonunun icra başçısı bu məsələləri bu gün rayonda növbəti monitorinq aparan ATƏT nümayəndələrinin diqqətinə çatdırıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|