|
İqtisadiyyat / 21.08.2008 22:26 Prezident İlham Əliyev fermerlərə köməklik göstərilməsi barədə sərəncam imzalayıb
Yeni sərəncama əsasən fermerləri toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə dövlət köməklik göstərəcək
Prezident İlham Əliyev fermerlərə toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə köməklik göstərilməsi barədə sərəncam imzalayıb. Bu tədbirlərin həyata keçirilməsi üçün büdcədən “Aqrolizinq” səhmdar cəmiyyətinə 25 milyon manat ayrılacaq. Sərəncama əsasən, bu vəsait hesabına 2008-2009-cu illərdə buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlara dövlət hesabına idxal olunan yüksək reproduksiyalı toxumu 50 faiz güzəştlə satılacaq. Başqa sözlə belə toxumların alınması üçün tələb olunan pulun yarısını dövlət ödəyəcək. Ölkədə taxil istehsalını artırmaq üçün, buğda istehsalçılarına isə mineral gübrələrin satış qiymətinin 70 faizinə dövlət tərəfindən güzəşt veriləcək. Bununla da buğda istehsalçıları toxumun pulunun cəmi 30 faizini ödəyəcəklər. Qarşıdaki 2 ildə xaricdən gətirilən damazlıq heyvanlar fermerlərə 50 faiz güzəştlə lizinq yolu ilə satılacaq. Səhmdar cəmiyyət mineral gübrələrin, kənd təsərrüfatı texnikasının saxlanılması üçün xüsusi anbarların tikintisini həyata keçirməlidir. Sərəncamda deyilir ki, nazirilər kabineti buğda toxumunun, mineral gübrələrin güzəştli şərtlərlə, damazlıq heyvanların isə 50 faiz güzəştlə lizinq yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması qaydalarını bir ay müddətində təsdiq etməlidir. Digər dövlət qurumları isə xüsusi anbarların və bazaların tikilməsi üçün torpaq sahzələrinin ayrılması məsələlərini həll etməlidir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|