|
Siyasət / 21.08.2008 21:15 Rəsmi Ankaranın Qafqazda sabitlik və əməkdaşlıq platformasının yaradılması təklifi, bölgədə sabitliyin təmin edilməsinə yönəlmiş bir layihə rolunu oynaya bilər
Gürcüstanda baş verən hadisələr beynəlxalq təşkilatların regionda təhlükəsizliyi təmin etmək iqtidarında olmadığını göstərdi. Bu baxımdan rəsmi Ankaranın Qafqazda sabitlik və əməkdaşlıq platformasının yaradılması təklifi ilə çıxış etməsi region ölkələrinin öz problemlərini özlərinin həll etmək istəyindən irəli gəlir. Bunu həm də mövcud beynəlxalq təşkilatlara olan ümidlərin boşa çıxması kimi də qiymətləndirmək olar. Bu siyasi ekspertlərin son dövrlərdə Gürcüstanda baş verən hadisələrdən və Türkiyənin Qafqazda sabitlik və təhlükəsizlik platforması təklifini irəli sürməsindən çıxardığı qənaətdir. Politoloq Rasim Musabəyovun fikrincə Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü bir növ kompromis xarakterli təklifdir.
“Bu təklif elə bil nəzərdə tutur ki, Türkiyə və Rusiya bölgədə nüfuzu paylaşdırırlar. Bölgə NATO-ya getmir və bu baxımdan Rusiyanın narahatlığı aradan qalxır. Eyni zamanda Rusiya iqtisadi layihələrə, kommunikasiya lahiyələrinə maneə törətmir öz imkanlarından istifadə edir ki, Ermənistanı bir az ağıla gətirir. Türkiyə Azərbaycanı kompramisə meyyli edir və Qarabağla bağlı vəziyyət də elə bil ki, stabilləşir”. Rasim Müsabəyovun sözlərinə görə, həyata keçirilib-keçirilməyəcəyindən asılı olmayaraq rəsmi Ankara bu təşəbbüslə bölgədəki gərginliyi aradan qaldırmağa çalışır. Çünki mövcud şərait Türkiyənin Qafqaz regionundaki iqtisadi və siyasi maraqlarını təhlükə altında qoyur. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Qafqaz ittifaqı təşəbbüsü bu ilin iyulunda Fransa prezidenti Nikolas Sarkozinin təşəbbüsü ilə yaradılan Aralıq dənizi ittifaqı ilə oxşardır. Qeyd edək ki, Türkiyənin baş nazirinin fikrincə ATƏT-in prinsiplərinə əsaslanan Qafqazda sabitlik və təhlükəsizlik platforması coğrafi əsasda olmalı, bölgədə sülh və təhlükəsizliyi hədəfləməli, iqtisadi işbirliyini və enerji təhlükəsizliyini təmin etməlidir. Siyasi ekspertlərin qənaətinə görə, Rəcəb Tayyib Ərdoğanın bu ideyası həm də ATƏT-in Minsk qrupunu əvəzləmək cəhdidir. “6 ildir ki, Minsk qrupunun hələ də bir nəticə əldə də bilməməsi, həqiqətən, bizi düşündürür. Təsdiqləyərsiniz ki, bölgədəki son hadisələr Cənubi Qafqazın təhlükəsizliyinə nə qədər həssas olduğunu bir daha ortaya qoymuşdur”.
QAT sədri Akif Nağı isə Minsk qrupunun effektiv olmaması fikri ilə razıdır. Lakin o Minsk qrupunun Ermənistanın da iştirak etdiyi bir formatla əvəz olunmasını yolverilməz sayır. Onun rəhbərlik etdiyi təşkilatın bu gün yaydığı bəyanatda da bildirilir ki, Ermənistan işğalçı hərəkətlərindən əl çəkməyənə qədər ona “Qafqaz Birliyi”ndə yer yoxdur. Azərbaycan prezidenti İlham Əliyev isə bəyan edir ki, Cənubi Qafqazda hazırda ən mühüm məsələ bölgədə sabitliyin bərqərar edilməsidir. Rəsmi Bakı Gürcüstan və Rusiya arasında baş vermiş münaqişəyə məhz bu baxımdan yanaşır.
“Bildiriyiniz kimi, Rusiya və Gürcüstan Azərbaycanın qonşularıdır. Hər iki ölkə ilə bizim sərhədlərimiz var. Hər iki ölkə ilə bizim dostluq münasibətlərimiz var və biz çox istəyirik ki, dostlarımız da öz aralarında dost olsunlar. Bu baxımdan Turkiyə-Azərbaycan münasibətlərinin və təşəbbüslərinin mövcudluğu gələcəkdə bölgədə əməkdaşlığın və sülhün möhkəmlənməsinə gətirib çıxaracaqdır”.
Qeyd edək ki, rəsmi Ankaranın Qafqazda sabitlik və əməkdaşlıq platformasının yaradılması təklifi artıq Baki, Moskva və Tiflisdə müzakirə edilib. Yaxın vaxtlarda Türkiyənin xarici işlər naziri Əli Babacanın Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla bir daha bu məsələ ətrafinda müzakirələr aparacağı gözlənilir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|