|
İqtisadiyyat / 21.08.2008 19:50 Azərbaycanın ikinci peyki orbitə buraxılacaq
Rabitə və informasiya texnologiyaları nazirliyi bunun zəruri olduğunu hesab edir
“Azərbaycanın ikinci peykinin buraxılmasına ehtiyac var və bu, məqsədəuyğundur”. Bu barədə Rabitə və informasiya texnologiyaları nazirliyindən məlumat verilib. Nazirliyin məsləhətçisi Qulam Abdullayevin sözlərinə görə artıq ikinci peyk üzrə texniki-iqtisadi əsaslar da hazırdır. Avropa və Asiyanın bir hissəsi üçün nəzərdə tutulmuş ikinci peyk, birincidən fərqli olaraq, daha çox ərazi və ölkələri əhatə edəcək. Nazirlik rəsmisinin sözlərinə görə artıq region ölkələri Azərbaycan tərəfinə ikinci peykin resurslarından mümkün istifadəyə dair təkliflər göndərməyə başlayıblar. Nazirliyini hesablamalarına görə, layihə öz xərcini ödəyəcək və buraxıldıqdan sonra yüksək gəlir gətirəcək. Qulam Abdullayev onu da deyib ki, hazırda ikinci peyk üçün orbital mövqeyin ayrılması üzrə beynəlxalq elektrorabitə ittifaqı ilə danışıqlar aparılır. Məlumat üçün deyək ki, layihənin maliyyə mənbələri hələ ki, müəyyənləşməyib. Belə ki, bu, dövlət büdcəsinin vəsaitləri və ya xarici sərmayələrin hesabına mümkündür. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|