|
İç Xəbər / 21.08.2008 16:59 DAK Borçalıda və Dərbənddə yaşayan soydaşlarımızla keçirdiyi görüşlərlə bağlı mətbuat konfransı keçirib
Onların sözlərinə görə, həmvətənlərimizin məktəblə, təhsillə, işlə və yaşamaqla bağlı hədsiz problemləri var
Dünya Azərbaycanlıları Konqresi (DAK) Borçalıda və Dərbənddə yaşayan soydaşlarımızla görüşlərlə bağlı mətbuat konfransı keçirib. DAK həmsədri prof. Paşa Qəlbinur bildirib ki, DAK nümayəndə heyəti avqustun 16-18 Dərbənddə yaşayan azərbaycanlıların problemlərini yaxından öyrəniblər. «Həmvətənlərimizin məktəblə, təhsillə, işlə, bir sözlə yaşamaqla bağlı hədsiz problemləri var. Azərbaycandilli məktəblərin sayı get-gedə azalır. Ana dili dərslərini deməyə belə müəllimlər çatışmır. Təhsil sistemindəki fərqlərə görə oradakı həmvətənlərimiz burada ali məktəblərə qəbul ola bilmirlər. Ona görə düşünürük ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə danışıqlar aparaq ki, heç olmasa hər ali məktəbə 1-2 güzəştli yer ayrılsın». P. Qəlbinur bildirib ki, DAK nümayəndə heyəti Dərbənddə yaşayan soydaşlarımızın təhsil aldıqları məktəblərə 2000 nüsxə dərslik hədiyyə edib. «Görüşdə Dağıstanda yaşayan 120 mindən artıq soydaşımızın iqtisadi, siyasi, mədəni, kulturoloji, habelə təhsillə bağlı problemləri geniş müzakirə olundu». DAK İdarə Heyəti üzvləri üç gün ərzində Dağıstanın Azərbaycan türklərinin yaşadığı bölgələrə baş çəkmiş, ziyalılarla, yerli hakimiyyət orqanlarında məsul vəzifələrdə çalışan soydaşlarımızla, habelə əhalinin müxtəlif zümrələrilə çoxsaylı görüşlər keçirmiş, onların problemlərini müzakirə etmişlər. Tədbirdə DAK fəxri sədri Qulamrza Səbri Təbrizi, İdarə Heyətinin üzvlərindən prof. Vaqif Sultanlı, Əmir Pəhləvan, Mərdan Seyidli və digər şəxslər iştirak ediblər. Gülnaz Qənbərli /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|