|
Kriminal / 21.08.2008 16:54 Türkiyədə terror törədən PKK-lının telefon nömrəsi azərbaycanlının adına qeydiyyatda olub
Bu telefon nömrəsi İstanbulun Eyüp rayonunda “Loti Otel”də qalan Azərbaycan vətəndaşı 43 yaşlı Səmayə Məmmədovanın adına qeydiyyatda imiş
Dünən Türkiyənin Mərsin şəhərində terror törədən PKK-lının telefon nömrəsi azərbaycanlının adına qeydiyyatda imiş. Belə ki, bu, partladılan avtomobili maşın salonundan satın almış və ölən terrorçu ilə əlaqədə olan şəxsin terrorçunun telefonunu polisə təqdim etməsindən sonra məlum olub. Türkiyənin "Radikal" qəzetinin yazdığına görə, bu telefon nömrəsi İstanbulun Eyüp rayonunda “Loti Otel”də qalan Azərbaycan vətəndaşı 43 yaşlı Səmayə Məmmədovanın adına qeydiyyatda imiş. Araşdırma nəticəsində Səmayə Məmmədovanın daha öncə qadın alveri ilə bağlı haqqında məhkəmə işi açıldığı da məlum olub. Qeyd edək ki, dünən Türkiyənin Mərsin şəhərində, içində kamikadze olan "Mazda" markalı avtomobil, avtobandan Mərsinə daxil olmaq istəyərkən saat 15.35-də Göznə adlanan ərazidə yol polisi işçilərinin "saxla" əmrinə tabe olmayaraq qaçmağa cəhd göstərmiş, təxminən 500 m uzaqlıqda polislərin yolu kəsdiyini gördükdən sonra avtomobildəki bombanı partlatmışdı. Partlayış nəticəsində terrorçu özü ölmüş, 13 polis işçisi də yaralanmışdı./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|