|
Siyasət / 21.08.2008 15:34 Trayan Besesku: "Cənubi Qafqazdakı bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"
Azərbaycanda səfərdə olan Rumıniya prezidenti, İlham Əliyev və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşdə belə deyib
"Cənubi Qafqazdakı bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır". AzərTAc-ın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan Rumıniya prezidenti Trayan Besesku prezident İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə deyib. Görüşdə İlham Əliyev ikitərəfli dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini, siyasi, iqtisadi, mədəni, enerji sahəsində ölkələrimizin yaxın tərəfdaş olduğunu və regional əməkdaşlığın uğurla həyata keçirildiyini bildirib. Dövlət başçısı deyib ki, Rumıniya prezidentinin bu səfəri bölgədə gələcək əməkdaşlığın, təhlükəsizliyin möhkəmlənməsi baxımından çox önəmlidir. "Bölgədə sabitlik olmalıdır və hazırda yaşanan gərginlik bizi çox narahat edir". Prezident Trayan Besesku isə Azərbaycanın bölgədə mühüm ölkə olduğunu və regional məsələlərdə çox güclü rol oynadığını vurğulayıb. T. Besesku qeyd edib ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. "Bu, reallıqdır və ölkələrimizin ikitərəfli münasibətləri çox yüksək səviyyədədir". Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan və Rumıniya prezidentləri mətbuat üçün birgə bəyanatlarla çıxış ediblər. Dövlət başçıları xüsusi vurğulayıblar ki, Azərbaycan və Rumıniya təhlükəsizlik və enerji sahəsində eyni mövqedən çıxış edir və bu, hər iki ölkənin əməkdaşlığını daha da gücləndirir. Prezident Trayan Besesku bölgədə baş verən hadisələrə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq deyib ki, Rumıniya bütün qarşıdurmaların, münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|