|
Siyasət / 21.08.2008 11:06 Rəcəb Tayyib Ərdoğan: “ATƏT-in Minsk qrupunun 16 il ərzində fəaliyyəti bizi qane etmir”
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri mətbuata açıqlama veriblər
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana bürgünlük səfəri çərçivəsində, prezident İlham Əliyevlə təkbətək, daha sonra isə hökumət üzvlərinin iştirakı ilə geniştərkibli görüş keçirib. Danışıqlarda iki ölkə arasında münasibətlər, regiondakı vəziyyət, birgə layihələrin təhlükəsizliyi, Türkiyənin irəli sürdüyü Qafqaz İttifaqının yaradılması ideyası və digər məsələlər müzakirə olunub. Daha sonra Azərbaycan prezidenti və Türkiyənin Baş naziri mətbuata açıqlama veriblər. Rəsmi Ankara Azərbaycanın ərazi bütövlüyünü tanıyır. “Bu prosesdə vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun 16 il ərzində fəaliyyəti isə bizi qane etmir və bu bizi düşünməyə vadar edir”, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə-Azərbaycan faktoru bölgədə sülhü və əmin-amanlığı təmin etməklə yanaşı iki ölkə arasında əlaqələrin inkişafına təkan verir. “Bizim iradəmiz irimiqyaslı enerji və nəqliyyat layihələrinin reallaşmasına yol açıb”. Türkiyənin baş naziri deyib ki, Cənubi Qafqazda sülhün təmin olunması baxımından Azərbaycan və Türkiyənin mövqeyi eynidir. Türkiyənin Baş naziri həmçinin Gürcüstanda baş verən hadisələrə də toxunub. O, Rusiya və Gürcüstanın Qafqazda sabitlik və əməkdaşlıq platformasının yaradılması təklifinə müsbət yanaşmasının rəsmi Ankaranı məmnun etdiyini deyib. “Bu məsələni bu gün İlham Əliyevlə də ətraflı şəkildə müzakirə etdik. Azərbaycanın da təklifimizə müsbət yanaşması bizi xüsusilə məmnun etdi. Xarici İşlər Nazirliyimiz bu məsələ ilə bağlı işləməyə başlayıb və digər ölkələrin qurumları ilə birgə müzakirələr aparıb. Bunun daha yaxşı şəkildə təşkil etməyə çalışacağıq. Qafqaz bölgəsinin inkişafı, sülhü və rifahı mərkəz halına gətirmək istiqamətində Azərbaycan və Gürcüstanla birlikdə atdığımız addımların davam edəcəyinə inanırıq”, deyə Ərdoğan qeyd edib. Azərbaycan prezidenti İlham Əliyev də Gürcüstanda baş verən hadisələrə münasibət bildirib. Və deyib ki, Azərbaycan Gürcüstanda həyatın normal axara dönməsini istəyir: “Biz istəyirik ki, qarşıdurmaya son qoyulsun. Gürcüstan və Rusiya hər ikisi Azərbaycanın dostudur. Biz dostlarımızın da dost olmasını istəyirik. Son günlərin hadisələri bir daha təsdiqlədi ki, regionda sabitlik nə dərəcədə həssas məsələdir”. Birgə layihələrin icrası üçün regionda sabitliyin vacib olduğunu vurğulayan İlham Əliyev Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü tanıdığını və münaqişələrin sülh yolu ilə həllini istədiyini bildirib. Onu da qeyd edək ki, Türkiyənin hökümət rəhbərinin Azərbaycana səfəri elə dünən başa çatıb və o, öz ölkəsinə qayıdıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|