|
Hadisə / 21.08.2008 10:40 22 yaşlı Qusar sakininin axtarışları üçün Samur-Abşeron kanalına su verilişi dayandırılıb
Bu gün səhərdən Fuad İsmayılovun valideynləri, qohumları, Qusar rayon polis şöbəsinin əməkdaşları kanalda axtarışlara başlayıblar
Avqustun 17-də Samur-Abşeron kanalına düşən Qusar rayonu Lanqu qəsəbə sakini 22 yaşlı Fuad Rafiq oğlu İsmayılovun valideynləri və qohumları Qusar rayon icra hakimiyyətinin qarşısına toplaşaraq övladlarının meyidinin tapılması üçün kanala su verilişinin dayandırılmasını tələb ediblər. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, valideynləri qəbul edən icra başçısı Şair Alxasov kanala su verilişinin dayandırılacağına söz verib. Nəticədə avqustun 20-dən 21-ə keçən gecə saat 23.00 radələrində kanala suyun veilməsi dayandırılıb. Bu gün səhərdən isə F.İsmayılovun valideynləri, qohumları, Qusar rayon polis şöbəsinin əməkdaşları kanalda axtarışlara başlayıblar. Qusar rayon polis şöbəsindən verilən məlumata görə, kanalın keçdiyi rayonların polis idarələrinə də hadisə ilə bağlı məlumat verilib və həmin ərazilərdə də axtarışlar gedir. Xatırladaq ki, avqustun 17-də F.İsmayılov rayon ərazisində bir sahibkarın bostanına Samur-Abşeron kanalından su açarkən ehtiyatsızlıqdan kanala düşüb. Belə ki, avqustun 17-də axşam Fuadın evə gəlmədiyini görən ailə üzvləri əraziyə gedib və onun paltarlarını kanalın kənarından tapıblar. Fuadın ehtiyatsızlıqdan kanala düşdüyü ehtimal edilir. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|