|
Hadisə / 20.08.2008 20:20 Pakistanın hakim koalisiyası ölkədə yaranan vəziyyətlə bağlı ilkin danışıqları başa çatdırıb
Pakistan konstitusiyasına görə, parlament yeni prezidenti 30 gün müddətində seçməlidir
Pakistanın hakim koalisiyası, prezident Pərviz Müşərrəfin istefa verməsindən sonra, ölkədə yaranan vəziyyətlə əlaqədar olaraq ilkin danışıqları başa çatdırıb. “Pakistan xalq partiyası”nın liderləri qətlə yetirilmiş keçmiş baş nazir Bənazir Bhuttonun həyat yoldaşı Asif Əli Zərdari və oğlu Bilaval Bhutto Zərdari yeni əldə olunmuş razılığa uyğun olaraq İslamabadda koalisiyanın başqa üzvləri ilə bir araya gəliblər.
Toplantıda koalisiya üzvləri razılaşmanın yekun variantını yenidən nəzərdən keçirmək üçün 72 saat vaxt verilməsi barədə qərar qəbul olunub. Pakistanın informasiya naziri isə bildirib ki, hakim koalisiyaya daxil olan kiçik partiyalar impiçment prosesində Pərviz Müşərrəfə təzyiqin göstərilməsində böyük rol oynayıblar və hökumətin onların maraqlarına uyğun güzəştə gedib.
Pakistan analitiklərinin fikrincə hazırda hakim koalisiya iki maneəni aradan qaldırmalıdır. Bunlardan biri ölkədə yeni prezidentin seçilməsi, digəri isə məhkəmə sistemindəki böhrandır. Qeyd edək ki, ölkə konstitusiyasına görə, parlament yeni prezidenti 30 gün müddətində seçməlidir. Ölkə əhalisinin bir qismi isə, Pərviz Müşərrəfin cəzalandırılmasını görmək arzusundadir. Eks-prezidentin məsuliyyətə cəlb edilərək məhkəmə qarşısında dayanması tələbi ilə paytaxt İslamabadda nümayiş keçirilib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|