|
Hadisə / 20.08.2008 18:51 Ermənistanın alternativ dəmir yolunun bərpası ilə bağlı yaydığı xəbərlər həqiqətə uyğun deyil (Fotossesiya)
Rəsmi Gürcüstan bu barədə yayılan xəbərləri yalanlayıb və yolun ən yaxşı halda iki həftəyə bərpa ediləcəyini bildirib
Gürcü tərəfi, rəsmi İrəvanın, Gürcüstanla Ermənistan arasında, avqustun 16-da Kaspi rayonunda partladılmış körpüyə alternativ olan yol vasitəsi ilə dəmiryolu əlaqəsinin bərpa edilməsi və buradan yüklərin daşınmasının mümkünlüyü ilə bağlı yaydığı məlumatları həqiqətə uyğun olmadığını bəyan edib. Gürcüstan dəmiryolları idarəsi icraçı direktorunun müavini Zviad Zakaryadzenin ANS-ə verdiyi məlumata görə, alternativ yolunun açılması heç cür mümkün deyil. Xatırladaq ki, novosti-armeniya agentliyi Ermənistan Cənubi Qavqaz dəmiryolu idarəsinin mətbuat katibi Vaqe Davtyana istinadən Kaspi rayonundaki körpüyə alternativ yolun bərpasının başa çatdığını və yaxın günlərdə yükdaşımanın bərpa ediləcəyi barədə məlumat yaymışdı.
“Mənə də zəng etmişdilər ki, erməni saytlarında belə məlumatlar var. Yox belə deyil. Sadəcə fiziki olaraq bunu etmək mümkün deyil. Heç bir halda alternativ yolda hərəkət bərpa edilməyəcək. Ona görə ki, köhnə körpü yüklərin ağırlığını götürmək iqtidarında deyil. Bu körpü 1900-cu ildə inşa edilib və biz laboratoriyada körpünün metal konstruksiyasını analiz etdik. Rəy verildi ki, körpü ağırlığı götürə bilməz. Odur ki, bu variant istisna olunur. Ümid qalır partladılmış körpüyə. İndi burada texnika işləyir və hesab edirik ki, layihəçilərin dediyi kimi bərpa üçün 20 gün və ya 1 ay vaxt lazımdır. Amma çalışacağıq ki, 2 həftəyə yolu açaq. Dəqiqi budur ki, buna kimi isə heç nə olmayacaq” – deyə Gürcüstan dəmiryolu idarəsi icraçı direktorunun müavini Zviad Zakaryadze bildirib. /ANS TV/ Fotolar
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|