|
Mədəniyyət / 20.08.2008 17:56 Almaniyada “Azərbaycan – Odlar Yurdu” sərgisinin açılışı olacaq
Sərginin açılış mərasimi avqust ayının 26-da Berlin Etnologiya Muzeyində olacaq
Avqust ayından noyabr ayınadək Almaniyada Azərbaycan İli çərçivəsində Berlin Etnologiya Muzeyində və 2008-ci ilin noyabr ayından 2009-cu ilin mart ayınadək isə Drezden Etnologiya Muzeyində Azərbaycanın maddi-mədəniyyət nümunələrindən ibarət sərgi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu münasibətlə bir müddət əvvəl nazirliyin və Dövlət İncəsənət Muzeyinin məsul işçiləri sərginin təşkili ilə bağlı Berlin şəhərinə ezam olunublar. Azərbaycanın tarixini, maddi-mədəni irsini alman tamaşacısına ətraflı təqdim etmək məqsədilə ekspozisiyaya bir sıra muzeylərimizin eksponatları daxil edilib. Sərgidə Milli Tarix Muzeyi, Nizami adına Ədəbiyyat Muzeyi, Əlyazmalar İnstitutu, Dövlət Arxiv İdarəsi və Milli Kitabxanadan da materiallar toplanıb nümayiş olunacaq. Sərgidə ölkəmizin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış və əvəzsiz tarixi-mədəni dəyər kəsb edən eksponatlardan, eyni zamanda eramızın XIII əsrinə aid edilən müxtəlif ölçülü daş kitabələrlə yanaşı, çağdaş dövrümüzə qədər yaşayan, adı YUNESKO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilən muğam sənətinin əsas alətləri alətləri – tar, kaman, qaval, habelə zurna, ney, qoşanağara kimi xalq musiqi alətləri də özünəməxsus yer tutacaq.
Azərbaycan İli kimi coxmərhələli mədəni aksiyanın bir hissəsi olan “Azərbaycan –Odlar Yurdu” sərgisinin açılış mərasimi avqust ayının 26-da Berlin Etnologiya Muzeyində olacaq. Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti sərgidə iştirak etmək üçün Berlinə yola düşəcək. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|