|
Nəzər Nöqtəsi / 09.08.2008 18:56 "Tibbi təhsili olmasına baxmayaraq, savadsız həkimlərimiz də var"
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov ANS PRESS-in forumunun suallarını cavablandırıb
- Yay aylarında yeyinti məhsullarından zəhərlənmə halları daha tez-tez baş verir. Şəhərimizin ucqar yerlərində məskunlaşan insanlar üçün təcili tibbi yardıma müraciət etmək mümkün olsa da, bu sahədə bəzi problemlər hələ də qalmaqdadır. Belə ki, həkim xəstəyə ilkin tibbi yardım göstərmək əvəzinə onu təcili olaraq şəhər xəstəxanasına çatdırmağı lazım bilir. Əgər nəzərə alsaq ki, toksikologiya şöbəsi ancaq şəhər xəstəxanasında yerləşirsə, onda ucqar ərazilərdən gələn xəstələrin vəziyyətini başa düşmək çətin olmaz. - Onu qeyd edim ki, keçən ilə nisbətən bu il qida zəhərlənmələri xeyli dərəcədə azalıb. İlk növbədə onunla əlaqadardır ki, ərzaq məhsullarının küçədə satışı qadağa qoyulub. Ət, süd məhsulları, kolbasa, konserv məhsullarının küçələrdə satışına rast gəlinmir. Bununla yanaşı, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən ərzaq mağazalarında həyata keçirilən tədbirlər nəticəsində müddəti keçmiş ərzaq məhsullarının satışına imkan yaradılmır. Və bu səbəbdən də qida zəhərlənmələri, xüsusilə kütləvi qida zəhərlənmələri minimuma enib. Lakin tək-tək hallarda da olsa, qida zəhərlənmələrinə rast gəlinir. Bu, xüsusilə ictimai iaşə obyektlərində, restoranlarda, şadlıq evlərində məhsulların soyuducularda saxlanmaması nəticəsində baş verir. Onu da deyim ki, evlərdə, ailələrdə yeməkləri hazırlayırlar, artıq qalmış yeməyin bir sıra hallarda alüminium qablarda saxlanması və soyuducularda saxlanmaması səbəbindən keyfiyyətini itirir və nəticə etibarı ilə toksinləritn inkişafına şərait yaradır. Bu da bir sıra mədə-bağırsaq xəstəliklərinin yaranmasına və zəhərlənmələrə şərait yaradır. Ona görə də tövsiyyə olunur ki, tez xarab olan qida məhsulları hökmən soyuducularda saxlanılsın. Xüsusilə də yay vaxtlarında. Belə olduğu halda heç bir zəhərlənmə halına yol verilməz. - Əgər küçədə hər hansı yiyəsiz insan yıxılıb qalıbsa, səhhətindəki hər hansı problemə görə Təcili Tibbi Yardım əməkdaşlarını çağırmaq olar, ya yox? Bir dəfə biri yıxılıb qalmışdı, psixi xəstə idi, sərxoş deyildi. Sizin əməkdaşları çağırdıq, gəlib soyuqqanlılıqla baxıb başağrı dərmanı verib getdilər, guya başağrısından yerə yıxılmışdı. Heç bir tibbi yardım göstərməyib təcili surətdə çıxıb getdilər. Buna aydınlıq gətirməyinizi istərdim. Belə olan halda kimə müraciət etmək lazımdır?
- Əlbəttə, belə olan halda ilk növbədə təcili yardıma müraciət etmək lazımdır. Ancaq həmin sualı verənə demək istəyirəm ki, təcili tibbi yardım həblərlə işləmir. İstifadə olunan dərmanlar maye halında olur və ineksiya formasında xəstənin bədəninə yeridilir. Həb 40-45 dəqiqəyə orqanizmə təsir edir. Amma dəri altına vurulan iynə təxminən 5-10 dəqiqədən sonra təsir göstərməkə başlayır. Vena daxilinə vurulan iynə isə həmin dəqiqə təsir göstərir. Bu mənada demək istəyirəm ki, verilən sual bir az həqiqətdən kənardır. Digər tərəfdən, küçədə kimsə yıxıbılıbsa, insanların müraciət etdiyi yer ilk növbədə təcili yardım olmalıdır. İlk növbədə təcili yardım həkimi xəstəni müayinə edir. Hadisənin səbəbini müəyyənləşdirir. Ola bilər bu xəstə aldığı hər hansı travma nəticəsində müvazinətini itirib yıxılıb, ola bilər ki, ürək, qan- damar sistemində və ya hər hansı digər orqanlarda baş verən xəstəlik nəticəsində yıxılıb. Bütün bunlar təcili yardım həkimi tərəfindən müayinə olunur və ilk yardım göstərildikdən sonra profil üzrə müvafiq xəstəxanaya çatdırılır. Əgər sualda deyildiyi kimi belə bir hal- hadisə baş vermiş olarsa, müşahidə edənlər və yaxud yanında olanlar birbaşa bu nömrələrə zəng edə bilərlər: 440 39 22 və 441 02 40, və yaxud 103 saylı telefonuna. Bu telefonlar bütün sutka boyu işləyir. Əhalidən daxil olan şikayət və təklifləri də dinləməyə hazırdırlar. Və xəstə ilə təcili yardım arasında hər hansı problem olarsa, o problemi təxirəsalınmaz qaydada aradan qaldırmaq üçün operativ tədbir həyata keçirilir. Ümumiyyətlə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyəti barədə insanlar istək və arzularını, o cümlədən şikayətlərini yuxarıdan qeyd etdiyim telefonlar vasitəsilə sutka ərzində çatdıra bilərlər. Və nəticəsini də qısa müddətdə görə bilərlər. - Sizcə Azərbaycan tibbinə güvənmək olarmı? Yəni Azərbaycan tibbi yüksək standartlara uyğundurmu? Əgər uyğundursa, mərhum prezidentlər Heydər Əliyev, Əbülfəz Elçibəy niyə Azərbaycanda müalicə olunmaqdan imtina etdilər?
- Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti son 15 ildə müstəqil siyasət yeritməyə başlayıb. Və buna qədər demək olar ki, səhiyyə SSRİ deyilən bir dövlətin mövcud normativləri əsasında fəaliyyət göstərirdi. Və əlbəttə hər şey mərkəzləşdirilmiş qaydada həyata keçirilirdi. İstər təhsil, istər səhiyyə, o cümlədən səhiyyədə müxtəlif mütəxəssislərin hazırlanması, müxtəlif elmi tədqiqat müalicə mərkəzlərinin yaradılması yalnız mərkəzin göstərişi ilə həyata keçirilirdi. Təchizat, dərman təchizatı- butün bunlar hamısı bir mərkəzdən-Moskvadan idarə olunurdu. Ancaq son 15 il müddətində, xüsusilə də son üç ildə Azərbaycan səhiyyəsində aparılan işlər və əldə olunan nailiyyətlər bu gün heç bir MDB dövlətləri ilə müqayisə olunmaz. Bugün Azərbaycanın ən ucqar rayonlarında-Lerikdə, Masallıda, Ağstafada, Qusarda, Qubada, Xaçmazda müasir standartlara cavab verən müalicə diaqnostik mərkəzlər tikilib istifadəyə verilib. Bu mərkəzlər Avropa istehsalı olan ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Əlbəttə, dövlətin iqtisadi gücü artdıqca onun imkanları da genişlənir. Və bu imkanlar vətəndaşların sosial problemlərinin və o cümlədən səhiyyənin mövcud problemlərini aradan qaldırmaq üçün istifadə olunur. Bu, yeni yaradılmış tibbi müəsssisələrinin hesabına artıq ən ucqar rayonlardan adi bir müayinədən keçmək üçün mərkəzə- Bakı şəhərinə gəlməyə ehtiyac qalmır. Yəqin ki, mətbuatdan xəbəriniz ola bilər. Bu yaxınlarda Lənkəran şəhərində ilk dəfə olaraq böyürəkköçürmə əməliyyatı həyata keçirildi. Bu, Azərbaycan regionlarında Azərbaycan səhiyyəsi tarixində ilk və sevindirici bir haldır. Bu, onu göstərir ki, bu gün istər mərkəzdə istərsə də regionlarda istər müayinədə, istərsə də müalicədə lazım olan bütün imkanlar yaradılıb. Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda tibb sahəsində dünya şöhrətli alimlər, akademiklər və professorlar fəaliyyət göstərir. Bunlar dünyanın bir sıra aparıcı klinikaları ilə sıx əlaqə qurublar. Dünyada müasir müalicə və diaqnostik metodları öyrənib əldə edərək Azərbaycanda tətbiq edirlər. Və ona görə də hesab edirəm ki, bu gün Azərbaycan səhiyyəsi dünya səhiyyəsi ilə inteqrasiya edib. Qaldı ki, nə üçün mərhum prezident Heydər Əliyev və Əbülfəz Elçibəy Azərbaycanda müalicədən imtina etmişlər, mən qeyd etmək istəyirəm ki, o vaxtlar həqiqətən də Azərbaycanda ölkə başçısını müalicə etmək üçün xüsusi şərait mövcud deyildi. Bütün dünyada dövlət başçıları stasionar müalicə alarkən onun üçün elə bir şərait qurulmalıdır ki, o, həm müalicəsini ala bilsin,həm də əmək fəaliyyətini davam etdirə bilsin. Bunun üçün xüsusi şərait lazımdır, bu şərait bizdə yox idi. Ancaq qaldı ki, bizim həkimlərin bilik səviyyəsinə, qeyd etmək istəyirəm ki, beş il bundan əvvələ nisbətən bu gün artıq xaricdə müalicə almaq istəyində olan insanların sayı qat-qat azalıb. Ona görə ki, bugünkü Azərbaycan səhiyyəsi istənilən xəstələri ən müasir tibbi avadanlıqlar vasitəsilə müayinə etməyə şərait yaradıb. Və bundan başqa, bir çox hallarda demək olar əksəriyyət halda Azərbaycan həkimlərinin, alimlərinin, proofessorlarının qoyduğu diaqnozlar və təyin etdiyi müalicəyə şübhə ilə yanaşan və xəstələrini xaricə aparıb müəlicə etdirmək istəyən insanlar müayinədən sonra respublikaya qayıdırlar. Çünki burada qoyulan diaqnoz və təyin olunan müalicə istər Almaniya, istər Türkiyə, istər digər Qərb ölkələrində eynən tədqiq olunur. Və belə halda artıq xərc olmasın deyə həmin xəstələr Azərbaycana qayıdır və burada müalicəsini davam etdirir. Təəssüflər olsun ki, bəzən tibbi təhsili olmasına baxmayaraq, savadsız həkimlərimiz də var. Bunlar çox azlıq təşkil edir. Bu, tək Azərbaycanda yox, bütün dünyada səhiyyə işçiləri arasında olur. Amma bir neçə nəfər savadsız həkimlər olmasını əsas götürərək demək olmaz ki, Azərbaycan həkimləri savadsızdır.
- Sizcə, təcili yardım xidməti göstərən tibb işçilərimiz verilən rüşvətdən əl çəkiblərmi? Həkimə nəyə görə " hörmət " etmək lazımdır? Məgər onun göstərdiyi xidmət ən azından vəzifə borcu deyilmi? - İlk növbədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası dövlət tərəfindən maliyyələşir və təcili tibbi yardım pulsuzdur. Pulsuz tibbi xidmət üçün hansı rüşvətdən danışmaq olar? Vətəndaş bilir ki, təcili yardım pulsuzdur. Gələn həkim ondan necə rüşvət istəyə bilər? Əgər həkim rüşvət istəyibsə, o barədə kimə məlumat verilib? Verilibsə, necə ölçü götürülüb? Bu şəraiti yaradan bizim öz vətəndaşlarımızdır. O həkimi rüşvətə öyrədən bizim vətəndaşlar özləridir. Hansı vətəndaş mənə bununla bağlı müraciət etsə, mən ölçü götürməsəm, vətəndaşın belə danışmağa haqqı var. Əgər biz vətəndaş mövqeyimizi ortaya qoyuruqsa, gəlin hər şeyi olduğu kimi açıq bildirək. Həkim xəstədən rüşvət tələb edirsə, həmin anda zəng edib həmin məlumatı bizə çatdırsın. Nəticə olmasa, onda iradını bildirə bilər. Mən hesab edirəm ki, rüşvəti verən də, alan da cinayətkardır, onlar qanuna hörmət etmirlər. Həkimin göstərdiyi xidmət onun vəzifə borcudur. Nəinki göstərdiyi yardım, həkim xəstə ilə davranışına da, yəni diantoloji qaydalara da çox ciddi əməl etməlidir Bu, onun vəzifə borcudur.
- Məndə olan məlumata görə, Rusiyada təcili yardım 3 dəqiqəyə hadisə yerinə çatmalıdır. Bizdə ən yaxşı halda 30 dəqiqəyə. Nəyə görə?
- Təcili yardım briqadası qışda üç dəqiqə, yayda iki dəqiqə müddətində çağırış daxil olan ünvana yollanmalıdır. Yəni üç dəqiqə ərzində təcili yardım məntəqədən çıxır və yollanır çağırış daxil olan ünvana. 15-20 dəqiqə müddətinə təcili yardım briqadası çağırış daxil olan ünvanda olmalıdır. Ancaq bəzi hallarda bu müddət arta da bilər. Bunun subyektiv səbəbləri var. Şəhərin mərkəzi hissəsindəki yollarda tıxacların olması, təcili yardım avtomobillərinə yol verilməməsi, bəzən evlərin, dəhlizlərin üstündə nömrələrin düzgün göstərilməməsi, bəzən çağırışı verən adamların səhvləri ucbatından (həyəcanlı olduqları üçün çox vaxt onlar özlərini itirirlər və ünvanı səhv verirlər) ünvanların tapılmasına vaxt gedir. Bundan başqa, bir çox hallarda həyətlərin girəcəyində və çıxacağında baryerlər qoyulur və bu, təcili yardım maşınlarının keçməyinə mane olur. Sözsüz ki, həkim müəyyən məsafəni piyada qət etməli olur və buna da vaxt gedir. Bundan başqa, Keşlə, 205-ci qəsəbə, NZS, Alatavalar və digər yaşayış sahələri var ki, bu küçələrdə sanitar avtomobillərin hərəkəti maneçiliklər nəticəsində məhdudlaşır və bir sıra hallarda bir nömrə altında bir neçə ev olur. Əgər qarşılamasalar, təcili yardım vaxtının çoxunu ünvanın axtarışına sərf edir və nəticədə xəstənin yanına gecikir. Suallara cavabları ətraflı oxumaq üçün foruma daxil olun.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|