|
İç Xəbər / 25.07.2008 15:24 Keşlə kollektorunun nasaz hissəsi müəyyənləşdirilib
Hazırda ərazidə qazma işləri gedir
Keşlə kollektorunda qəza baş verən hissə müəyyənləşdirilib. Hazırda ərazidə qazma işləri davam etdirilir. Çirkab sularının səviyyəsi isə bir metr aşağı enib.
Xatırladaq ki, iyulun 24-ə keçən gecə saat 11 radələrində Nizami rayonu, Keşlə qəsəbəsi, Bala Mirzəyev və Sabir küçələrinin kəsişməsində, Keşlə kanalizasiya kollektorunda baş vermiş çökmə nəticəsində ərazidə yerləşən 50-yə yaxın ev çirkab sularının içində qalıb.
Qəzanın nəticələrinin aradan qaldırılması üçün artıq əraziyə Fövqaladə Hallar Nazirliyinin mülki müdafiə qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi də cəlb olunub. Eyni zamanda, ərazidə «Azərsu» Səhmdar Cəmiyyətinin də texnikası işləyir. Hazırda kollektorun beton pillətələrindən biri götürüləndən sonra həyətlərdə yığılan çirkab sularının çəkiləcəyi deyilir. Eyni zamanda, ərazidə xeyli sayda nasos qurğuları quraşdırılıb. Bu qurğular vasitəsilə sular yaxınlıqdan keçən sənaye kollektoruna vurulur. Bakı Kanalizasiya İdarəsinin rəisi Köçərli Həsənovun verdiyi məlumata görə, artıq çirkab sularından çirklənmiş ərazilərdə dezinfeksiya işləri aparılır. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|