|
İqtisadiyyat / 25.07.2008 11:44 Azərbaycan çayçılığı hazırda maddi cəhətdən sərfəli sayılmır
Ekspertlərin fikrincə, fermerlərə uzunmüddətli kreditlərin verilməsi çay təsərrüfatlarını bərpa edə bilər
Tezliklə «Ərzaq təhlükəsizliyi» proqramı çərçivəsində çay istehsal edən fermerlərə uzunmüddətli kreditlərin verilməsi təsdiqlənə bilər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev məlumat verib. O bildirib ki, çay əkini üçün fermerlərə ildə 30-40 milyon manat ayrılması nəzərdə tutulur: «Əkilmiş çayın məhsul verməsi 7-8 ilə başa gəldiyindən və xammal ucuz qiymətə alındığından istehsalçılara sərf etmir. Odur ki, fermerlər çay yetişdirməkdən əllərini üzür».
S.Vəliyevin sözlərinə görə, nazirlikdə hesab edirlər ki, fermerlərə uzunmüddətli kreditlərin verilməsi çay təsərrüfatlarını bərpa edə bilər: «Mütləq uzunmüddətli kreditlər- 15 illik kreditlər verilməlidir. Çünki 8 ilə istehsal prosesi nizamlanmalıdır. Sonra fermer ondan xeyir götürüb o krediti ödəyə bilsin».
Sabir Vəliyevin sözlərinə görə, vaxtı ilə «Lənkəran çayı» adı ilə hətta xaricdə də tanınan Azərbaycan çayının istehsalı indi çox aşağı səviyyədədir. O qeyd edir ki, ötən əsrin 70-80-ci illərində özünün intibah dövrünü yaşayan Azərbaycan çayçılığı indi maddi cəhətdən sərfəli sayılmır: «Təxminən 25 il əvvəl çaya olan tələbatın 60-65 faizi yerli istehsal hesabına ödənildiyi halda, indi bu rəqəm 15 faizi keçmir. İldə cəmi 650-700 ton çay istehsal olunur ki, bu da yerli tələbatı belə ödəmir. Ona görə də bu gün min tonlarla çay ölkəyə xaricdən idxal olunur. Çayçılığın tənəzzülə uğraması isə 90-cı illərdə aparılan özəlləşdirmə prosesilə bağlıdır. O zaman paylanılan plantasiyalarda fermerlər bu işi təkbaşına reallaşdıra bilmirdi. 70-ci illərdə çay plantasiyaları salınmışdı, sahəsi 14 min hektara çatırdı. 90-cı illərdə baxımsızlıq üzündən azaldı. Sonra özəlləşmə başladı. Çay plantasiyaları əmlak payı kimi adamlara paylandı. Plantasiyalar sökülməyə başladı, indi 1700 ha qalıb, onun da çoxuna baxılmır». /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|