|
İqtisadiyyat / 25.07.2008 00:33 Azərbaycanın ÜTT-yə üzvlüyü qurumun rəhbəri tərəfindən də dəstəklənir
Bu ilin sonunda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı işçi qrupun 6-ci iclasında icmalın müzakirəsi nəzərdə tutulur
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünü qrumun rəhbəri də dəstəkləyib. Azərbaycanın üzvlüyü ilə bağlı 20-yə yaxın ölkə ilə ikitərəfli danışıqlar aparıldığını deyən İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Ədalət Muradov bildirib ki, işçi qrupun Cenevrədə keçirilən sonuncu iclasında Türkiyə, Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə aparılmış danışıqlar nəticəsində protokollar imzalanıb. Gürcüstan, Qırğızıstan, Moldova ilə protokolların imzalanma vaxti isə dəqiqləşdirilir. Bununla yanaşı, Azərbaycan hökuməti Avropa ittifaqı, Amerika Birləşmiş Ştatları, Yaponiya, Tayvan, Koreya respublikası, Hindistan və Norveçlə də ikitərəfli danişiqlari davam etdirir. Bütün bunların nəticəsində bu ilin mayında təşkilata üzvlüklə bağlı işçi qrupun Cenevrədə keçirilmiş 5-ci iclasında ölkəmizə dair ümumiləşdirilmiş sənədin - faktlar icmalının hazırlanması ilə bağlı qərar qəbul olunub. Faktlar icmalında, əsasən, təşkilatın ölkəmizə ünvanlanmiş suallarinin cavablari əks olunacaq. Bu cavablar əsasında Azərbaycanın ticarət təşkilatına üzvlüyü ilə bağlı konkret addımların atılacağı gözlənilir. Avqust ayında icmalın hazırlanması ilə bağlı təşkilatın Azərbaycana göndərəcəyi suallar cavablandırılacaq. Bu ilin sonunda Azərbaycanın ümumdünya ticarət təşkilatına üzvlüyü ilə bağlı işçi qrupunun 6-ci iclasında icmalın müzakirəsi nəzərdə tutulur. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|