|
Hadisə / 24.07.2008 13:12 Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Balakəndə ictimai dinləmələr aparıb
Tədbirdə avar, ingiloy, ləzgi, saxur və digər milli azlıqların nümayəndələri çıxış edib
Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə Balakəndə ictimai dinləmələr aparıb. E.Süleymanovanın ANS PRESS-ə verdiyi məlumata görə, ictimai dinləməyə millət vəkili Dünyamin Xəlilov, Balakən rayonunun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, QHT, KİV və icmaların nümayəndələri qatılıb. Ombudsman qarşıdan gələn prezident seçkisinin azad, demokratik və şəffaf keçirilməsinin vacibliyini vurğulayıb, dairə seçki komissiyalarının üzərinə düşən vəzifələr barədə danışıb, müvafiq tövsiyələr verib. «Tədbirdə iştirak edən avar, ingiloy, ləzgi, saxur və digər milli azlıqların nümayəndələri çıxışlarında Azərbaycan dövləti tərəfindən onların hüquqlarının müdafiəsinə daim diqqətlə yanaşıldığını, yaşadıqları qəsəbələrdə və kəndlərdə geniş quruculuq və abadlıq işlərinin aparıldığını, milli dəyərlərinin inkişaf etdirildiyini və bütün bunların insanların sosial-iqtisadi və mədəni hüquqlarının daha səmərəli təminatına yönəldiyini bildirdilər. Onlar Azərbaycan hökuməti tərəfdən daim diqqət mərkəzində saxlandıqlarını da diqqətimizə çatdırdılar»-deyə, E.Süleymanova vurğulayıb. İnsan haqları üzrə müvəkkil Balakən rayonunda avarların sıx yaşadığı Qabaqçöl qəsəbəsinə, Azərbaycan-Gürcüstan sərhəd-keçid məntəqəsinə də baş çəkib, Balakən Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirdiyini də söyləib. Gülnaz Qənbərli /ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|