|
Siyasət / 24.07.2008 01:23 Müxalifət avqustun 1-də Serj Sarkisyanın istefasını tələb edəcək
Ermənistan Ümummilli Hərəkatı bəyan edib ki, 1 avqust mitinqi həlledici olacaq
Ermənistan müxalifəti avqustun 1-də həlledici mitinq keçirmək niyyətindədir. Bunu jurnalistlərə eks-prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Ümummilli Hərəkatının nümayəndəsi Levon Zurabyan deyib. Onun sözlərinə görə, aksiya zamanı hakimiyyət tərəfindən ölkədəki siyasi böhranın nizamlanması istiqamətində atdığı addımlara müxalifətin münasibəti açıqlanacaq. Levon Zurabyan bildirib ki, müxalifətin son mitinqində Ermənistan prezident Serj Sarkisyana qarşı avqustun 1-dək yerinə yetirilməli olan dörd tələb irəli sürülüb: «Əgər tələblər yerinə yetirilməsə, biz dövlət başçısının növbədənkənar istefasını tələb edəcəyik». Levon Zurabyan məlumat verib ki, İrəvan meriyası mitinqin Matenadaran qədim əlyazmalar arxivinin qarşısındakı meydanda keçirilməsinə icazə verməyib. Onun sözlərinə görə, şəhər rəhbərliyi müxalifətə təklif edib ki, nümayiş təxirə salınsa, mitinq müxalifətin istədiyi yerdə keçirilə bilər. Lakin müxalifət liderləri hakimiyyətin bu sövdələşməsindən imtina edib və nümayiş təxirə salınmayıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|