|
İç Xəbər / 23.07.2008 11:25 Quba-Xınalıq yolundakı sürüşmənin nəticələri saat 15-ə kimi aradan qaldırılacaq
Səhər saat 6 radələrindən ərazidə təmizlənmə işləri başlayıb
Quba-Xınalıq yolunun 30-cu kilometrliyində, Qırız Dəhnə kəndi ərazisində baş verən torpaq sürüşməsinin nəticələri bu gün saat 15-ə kimi aradan qaldırılacaq. Bu barədə məlumatı ANS PRESS-ə Nəqliyyat Nazirliyinin Qubadakı 6 saylı yol istismar idarəsinin iş içraçısı Əbil Müzəffərov verib. Onun sözlərinə görə, artıq səhər saat 6 radələrindən ərazidə təmizlənmə işlərinə başlanılıb. Texnikanın işə gecə başlamamasına səbəb isə sürüşmənin davam etməsi olub. İş icraçısı hadisə nəticəsində ərazidə iki elektrik dirəyinin aşdığını və bunun nəticəsində Qırız Dəhnə kəndinin hələ də işıqsız qaldığını da qeyd edib. Qeyd edək ki, qayanın uçması nəticəsində Quba-Xınalıq yolu tamamilə bağlanıb və nəqliyyatın hərəkəti dayanıb. İlkin ehtimala görə, yaxınlıqdakı şəlalənin son yağışlardan sonra məcrasının dəyişməsi torpaq sürüşməsinə gətirib çıxarıb. Yolun hər iki tərəfindən 100-dən artıq avtomobil sürüşmənin nəticələrinin aradan qaldırılmasını gözləyir./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|