|
İç Xəbər / 23.07.2008 00:13 Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında ciddi dəyişiklik gözlənilmir
Mətbuat Şurası inanır ki, prezident İlham Əliyevin yenidən işlənmək üçün geri qaytardığı sənəd daha da təkmilləşdiriləcək
Mətbuat Şurası ümid edir ki, Prezident Apparatı tərəfindən yenidən işlənən Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında heç bir ciddi dəyişiklik olmayacaq. Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, Mətbuat Şurasının hazırladığı sənəd Prezident Aparatındadır və dövlət başçısı məzuniyyətdən qayıdandan sonra imzalanacaq. Yenidən işlənməsinə gəldikdə isə, sənəddə müəyyən nüanslara bir daha baxıla bilər: «Amma hesab edirəm ki, bu, sənəddə köklü dəyişikliklərə səbəb olmayacaq. Çünki sənədin əsas məqsədi Azərbaycan mediasının iqtisadi durumunun yaxşılaşması üçün tədbirlərin görülməsi ilə bağlıdır». «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə bildirib ki, Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyası mətbuatın problemlərinin həlli, maddi durumunun yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir: «Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verdi ki, prezident İlham Əliyev sənədlə tanış olub və bir sıra qeydləri var. Həmin qeydlər üzərində iş aparılacaq və sənəd daha da təkmilləşdiriləcək. Gözlənilir ki, Konsepsiya bundan sonra imzalanacaq». Bəxtiyar Sadıqov onu da deyib ki, Azərbaycan jurnalistlərinin bu sənədə çox böyük ümidləri var: «İnanırıq ki, onun imzalanmasında sonra bir çox problemlər həll olunacaq. Xüsusilə, mətbuatın iqtisadi cəhətdən həqiqi müstəqillik qazanması və özü-özünü dolandırması baxımından mühüm irəliləyiş əldə ediləcək». Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Mətbuatın İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını geri qaytarıb. Prezident Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov jurnalistlərə bildirib ki, konsepsiya dövlət başçısına təqdim olunub, lakin prezident kosepsiyaya bəzi əlavə və dəyişikliklər etmək üçün yenidən şöbəyə qaytarıb: «Hazırda bu sənəti imzalanmaq üçün hazırlayırıq, ölkə başçısı Azərbaycana qayıdandan sonra konsepsiyanın və mətbuatla bağlı digər sənədlərin imzalanacağı gözlənilir. Müstəqil mətbuatın inkişafı üçün müxtəlif vasitələr nəzərdə tutulub. Bu barədə ətraflı danışmaq istəmirəm». Ə. Həsənov onu da bildirib ki, konsepsiyada həmçinin, Mətbuatın İnkişaf Fondunun yaradılması da nəzərdə tutulub. Mahir Məmmədli /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|